CƏMİYYƏT
1 saylı Respublika Psixiatriya Xəstəxanasının şöbə müdirinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasında əmək və əhalinin sosial müdafiəsi sferasının müasir tələblərə uyğunlaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi, onların rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsinə baxmayaraq, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən bu sahədə vətəndaşlarla dövlət arasında nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur. Belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, belə tədbirlərdən biri kimi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə vətəndaşdan rüşvət tələb etməsi barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Keçirilmiş tədbirlər nəticəsində Səriyyə Tanverdiyevanın əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşdan müvafiq olaraq iyunun 2-də iyun və avqustun 5-də xəstəxananın inzibati binasında ümumilikdə 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Bununla yanaşı, həyata keçirilmiş operativ tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovun həmin vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində avqustda 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, sentyabrın 2-də işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manatlıq hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Faktlara görə Baş İdarədə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən Katib Məmmədov şübhəli şəxs qismində tutulub. Sentyabrın 5-də o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, habelə Səriyyə Tanverdiyeva isə Cinayət Məcəlləsinin 311.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.