İQTİSADİYYAT
2010-cu ildə sənaye məhsulu istehsalı 2,6 faiz artmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). 2010-cu ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun 52,6 faizi sənaye müəssisələrinin payına düşmüşdür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, il ərzində bu sahənin subyektləri tərəfindən 27,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ümumi istehsalın 93,1 faizi sənaye mallarının (əmtəələrin), 6,9 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. 2009-cu illə müqayisədə sənaye məhsulu istehsalı 2,6 faiz, qeyri-neft bölməsində isə daha çox - 6,6 faiz artmışdır.
Sənayenin mədənçıxarma və emal sahələrində, onların əsas bölmələrində istehsalın artımı müşahidə olunmuşdur. Mühüm sənaye məhsullarından xam neftin hasilatı 0,6 faiz artaraq 50,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 2,1 faiz artaraq 16,7 milyard kubmetr olmuşdur.
Özəl bölmədə istehsalın həcmi ümumi sənaye məhsulunun 81,4 faizini təşkil etmişdir. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma bölməsində, 19,1 faizi emal bölməsində, 4,5 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Müəssisələr istehsal etdikləri məhsulların böyük əksəriyyətini yerli və xarici istehlakçılara göndərmişlər.