MƏDƏNİYYƏT
2011-ci il üçün “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuş İsmayıllıda silsilə tədbirlər keçirilir
Bakı, 2 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, o cümlədən milli sənətkarlığın dəstəklənməsinə istiqamətləndirilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində sənətkarlar məskəni olan İsmayıllı şəhəri 2011-ci il üçün “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuşdur.
Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təsdiq edilmiş illik tədbirlər planında uyğun olaraq nəzərdə tutulmuş bütün tədbirlər yüksək səviyyədə keçirilmişdir. İlboyu keçirilən tədbirlər nəinki İsmayıllı rayonunun, ümumilikdə Azərbaycanın qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasında mühüm rol oynamışdır. Bu layihə Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irs nümunələrinin, sənətkarlığının, tarixinin qorunmasına xidmət edir.
Mütəmadi olaraq rayon mərkəzində və Lahıc qəsəbəsində sənətkarların əl işlərinin sərgisi təşkil olunaraq rayona gələn yerli və xarici turistlərə nümayiş edilir.
Rayonun gəzməli, görməli yerləri və sənətkarlığı ilə bağlı suvenirlər hazırlanaraq il ərzində rayona gələn yerli və xarici qonaqlara təqdim olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.