2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
DÖVLƏT PROQRAMI
1. Giriş
Son 20 ildə Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, digər sahələrdə olduğu kimi, statistika elminin və statistik məlumatların da keyfiyyətinin yüksəldilməsini zəruri etmişdir.
1993-cü ildən başlayaraq dövlət statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmuşdur. Dövlət Statistika Komitəsinin statistika praktikasında istifadə etdiyi qayda və standartlar tədricən beynəlxalq və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmış, aparılan islahatlara xüsusi diqqət yetirilmişdir. 1993-2012-ci illərdə dövlət statistika hesabatları, onların tərtib edilməsinə dair təlimatlar beynəlxalq standartlara uyğun olaraq, dövlət dilində hazırlanmış, 600-dən çox metodoloji material yenidən işlənmiş və praktikada tətbiq edilmişdir. Bu işlərin yerinə yetirilməsində “Azərbaycan Respublikasında beynəlxalq praktikada qəbul edilmiş uçot və statistika sisteminə keçilməsi Dövlət Proqramı”nın, “1998-2002-ci illərdə Azərbaycan Respublikasının dövlət statistika sistemində islahatların aparılmasına dair Dövlət Proqramı”nın, “2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın böyük rolu olmuşdur.
Azərbaycan Respublikasında statistika sahəsində həyata keçirilən islahatların daha da inkişaf etdirilməsini təmin etmək, ölkə iqtisadiyyatında və cəmiyyətin həyatında baş verən proseslərlə bağlı yarana biləcək problemləri vaxtında həll etmək məqsədi ilə “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) hazırlanmışdır.
2. Dövlət Proqramının məqsəd və vəzifələri
Dövlət Proqramının əsas məqsədi ölkədə statistika sahəsində işlərin təkmilləşdirilməsi, o cümlədən statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılması və milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılmasıdır. Son illərdə rəsmi statistika sahəsindəki müsbət dəyişikliklər və nailiyyətlərlə yanaşı, ölkə iqtisadiyyatının modernləşdirilməsi və cəmiyyətin həyatında gedən proseslərin rəsmi statistikada adekvat əks etdirilməsinin zəruriliyi dövlət statistika orqanları qarşısında yeni vəzifələr qoyur.
Statistika sistemində dəyişikliklər BMT-nin təkmilləşdirilmiş “Milli Hesab Sistemi-2008”-in (bundan sonra - “MHS-2008”) tələblərinə uyğun olaraq milli hesablar sisteminin təkmilləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən statistik istiqamətlərin, iqtisadi-statistik təsnifatlar sisteminin daha da inkişaf etdirilməsi, dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o cümlədən “e-statistika”nın inkişafı və təkmilləşdirilməsi, respondentlərə düşən statistik yükün azaldılması, statistika fəaliyyətində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin yaradılması, rəsmi statistikanın kadr potensialının möhkəmləndirilməsi və statistika sistemində beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə həyata keçiriləcəkdir.
İqtisadiyyatın makrosəviyyədə idarə edilməsi üçün əsas statistik indikator olan milli hesablar sisteminin, sosial inkişaf meyarlarının müəyyənləşdirilməsinə imkan verən yeni sosial-demoqrafik göstəricilərin uçotunun, statistika proseslərinin idarə olunmasının təkmilləşdirilməsinin, məmurla vətəndaş arasında birbaşa təmasın minimuma endirilməsinin, habelə məlumat istifadəçiləri ilə işlərin daha səmərəli təşkilinin və respondentlərin üzərinə düşən statistika yükünün azaldılmasının vacibliyini nəzərə alaraq, bu Dövlət Proqramı çərçivəsində, əsasən, aşağıdakı vəzifələrin icrası təmin ediləcəkdir:
- Azərbaycanın iqtisadi inkişafını hərtərəfli əks etdirən və makroiqtisadi göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyini təmin edən milli hesablar sisteminin daha da inkişaf etdirilməsi;
- əhalinin həyat səviyyəsinin və yaşayış şəraitinin monitorinqi, əhalinin rifahının dəyişməsinin əsas meyillərinin təhlili, gəlirlər üzrə sosial qeyri-bərabərlik səviyyəsinin və əhalinin aztəminatlı qrupları üzrə əsas sosial nemətlərin əldə olunmasının statistik öyrənilməsi;
- beynəlxalq standartlar və tövsiyələr nəzərə alınmaqla əhalinin məşğulluğu və işsizlik haqqında məlumatların toplanılmasının yeni metodlarının tətbiqi;
- coğrafi informasiya sistemindən istifadə etməklə, statistik məlumatların təqdimatında və təhlilində məkan modelləşdirilməsi metodlarının tətbiqi;
- yekun statistik məlumatların respondentləri və istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin təkmilləşdirilməsi;
- iqtisadi fəaliyyətin ayrı-ayrı növlərinin inkişafı haqqında daha ətraflı məlumat əldə etmək üçün sahibkarlıq statistikasının daha da inkişaf etdirilməsi;
- xidmət sferasını, o cümlədən “e-ticarəti” daha ətraflı əks etdirən məlumatları əldə etmək üçün xidmət sahəsi üzrə statistik göstəricilər sisteminin, statistik müşahidə proqramlarının təkmilləşdirilməsi;
- beynəlxalq analoqları ilə uyğunlaşdırılmış milli iqtisadi və sosial təsnifatların modernləşdirilməsi;
- “e-statistika”nın inkişafı - respondentlərin rəsmi statistika hesabatlarını elektron formatda təqdim etməsinin, statistik məlumatların işlənilməsi və təhlili imkanlarının, habelə elektron statistika xidmətlərinin çeşidinin genişləndirilməsi və keyfiyyətinin artırılması;
- statistik məlumat ehtiyatlarının formalaşdırılmasının bütün mərhələlərində istifadə olunan texnoloji sxemlərin vahid şəklə salınması hesabına statistik məlumatların keyfiyyətinin yüksəldilməsi və respondentlərin üzərinə düşən statistik yükün azaldılması;
- keyfiyyətin idarə olunması və statistik metaməlumatlar sistemlərinin yaradılması və təkmilləşdirilməsi.
3. Dövlət Proqramının əsas istiqamətləri
Dövlət Proqramı üzrə tədbirlər aşağıdakı əsas istiqamətləri əhatə edir:
3.1. Milli hesablar sistemi və makroiqtisadi göstəricilərin statistikası
Bu istiqamət üzrə nəzərdə tutulan tədbirlər milli hesablar sisteminin təkmilləşdirilməsinə yönəldilmişdir. Belə ki, “MHS-2008” əsasında təkmilləşdirilməsi nəzərdə tutulan hesab və cədvəllərin yenidən işlənməsi ölkədə rəsmi statistikanın əsas prioritetlərindən biri hesab edilir, makroiqtisadi proseslərin təsviri və təhlili üçün istifadə olunur və iqtisadi əməliyyatların və göstəricilərin kompleks, ardıcıl və uzlaşdırılmış şəkildə qiymətləndirilməsinə imkan yaradır. Bu işləri həyata keçirmək üçün “MHS-2008”-də Ümumi Daxili Məhsul (ÜDM) göstəricisinin həcminə, strukturuna və artım sürətinə təsir edən amillərin statistik praktikaya tətbiq edilməsi, resurslara dair ehtiyat və istifadə cədvəllərinin tərtibi və “MHS-2008”-in digər göstəriciləri ilə qarşılıqlı uyğunluğunun təmin edilməsi, dövlət sektoru hesablarının “MHS-2008”-in yeniləşdirilmiş tələblərinə uyğun qurulması, aktiv və passivlərinə dair dəqiq məlumatların əldə edilməsi, turizm, informasiya və kommunikasiya texnologiyaları (bundan sonra - İKT) və energetikanın köməkçi hesablarının qurulması üçün metodologiyanın hazırlanması və “MHS-2008” çərçivəsində milli statistika təcrübəsində ilk dəfə olaraq satellit hesabların qurulması nəzərdə tutulur.
3.2. Sosial-iqtisadi statistika
Kənd təsərrüfatı, meşəçilik və ətraf mühit statistikası sahəsində rəsmi statistikanın inkişaf strategiyası geniş istifadəçi dairəsinin keyfiyyətli məlumat təminatına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu vəzifənin daha səmərəli yerinə yetirilməsi üçün 2006-2015-ci illəri əhatə edən Kənd təsərrüfatı siyahıyaalınması üzrə Ümumdünya Proqramına (“WCA-2010 round”) uyğun olaraq, 2014-2015-ci illərdə Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi, beynəlxalq standartlara uyğun olaraq ətraf mühitin statistikasına və “yaşıl iqtisadiyyat”a dair kompleks göstəricilər sisteminin yaradılması və təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin ətraf mühitin mühafizəsinə dair milli göstəricilərin BMT-nin Avropa İqtisadi Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması istiqamətində də işlər aparılacaqdır.
Xidmət statistikası sahəsində müasir tələbləri nəzərə almaqla, beynəlxalq standartlara cavab verən turizm statistikası inkişaf etdiriləcəkdir. Gənclərin ölkə iqtisadiyyatında iştirakını öyrənmək üçün, onların təhsildən işə keçməsinə və işlə təmin olunmasına dair, habelə informasiya və kommunikasiya texnologiyalarının müasir inkişafını nəzərə alaraq, ölkə əhalisinin belə texnologiyalardan istifadəsinə dair seçmə statistik müayinələr aparılacaqdır. Nəqliyyat sferasını daha dərindən öyrənmək məqsədi ilə dəmir yollarının siyahıyaalınması və yük avtomobili nəqliyyatı sahəsində seçmə statistika müayinəsi təşkil ediləcək, hesablamaların aparılması üçün metodologiya hazırlanacaqdır. Elm, texnologiya və innovasiya statistikası təkmilləşdiriləcəkdir.
Körpə və uşaq ölümü haqqında Ümumdünya Səhiyyə Təşkilatının metodologiyasına uyğun məlumatlar əldə etmək məqsədi ilə körpələrin və 5 yaşınadək uşaqların ölümü hallarının qeydiyyatına dair statistik müayinə həyata keçiriləcək və məlumat bazası yaradılacaqdır. Dövlətin inkişafının strateji vəzifələrindən biri əhalinin rifahının daha da yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bunu nəzərə alaraq, uşaq yoxsulluğunun statistik öyrənilməsi tədbirləri həyata keçiriləcəkdir.
3.3. Respondentlərə düşən statistika yükünün azaldılması
və statistik məlumat istifadəçiləri ilə iş
Bu istiqamətdə həyata keçiriləcək tədbirlər respondentlərə düşən statistik yükün azaldılması və statistik məlumat istifadəçiləri ilə aparılan işlərin keyfiyyətinin artırılması məsələlərini əhatə edir ki, bu da son illərdə Dövlət Statistika Komitəsinin (bundan sonra - Komitə) həyata keçirdiyi məqsədyönlü işlərin davamıdır. Bununla yanaşı, bölmə çərçivəsində statistik məlumatın istifadəçiləri ilə qarşılıqlı əlaqə sistemi də təkmilləşdiriləcəkdir.
3.4. Vahid statistik informasiya sistemi
Vahid statistik informasiya sisteminin inkişafı bölməsində dövlət orqanları ilə rəsmi statistik məlumatların elektron mübadilə sisteminin yaradılması və təkmilləşdirilməsi, Komitədə “e-sənəd dövriyyəsi-kargüzarlıq” sisteminin inkişaf etdirilməsi, nəşr olunan bütün yekun statistik məlumatların ilkin məlumat bazalarına elektron formada verilməsinin təmin olunması, yerli statistika orqanlarında Statistik Vahidlərin Dövlət Registrinin elektron informasiya sistemləri ilə aparılması, dövlət orqanlarından alınan inzibati məlumatların mübadiləsi və statistik registrin aktuallaşdırılması (yenilənməsi) mexanizminin təkmilləşdirilməsi, kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar da daxil olmaqla təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulunun başa çatdırılması, Komitənin internet səhifəsinin təsnifatlar bölməsinin təkmilləşdirilməsi, axtarış və yükləmə funksiyalarına malik təsnifatlar bazasının yaradılması, coğrafi informasiya sisteminin yaradılması, inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapacaqdır.
3.5. Statistika sistemində keyfiyyətin idarə edilməsi
və metaməlumatlar sistemlərinin tətbiqi
Statistika sistemində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin tətbiqi Dövlət Proqramının əsas istiqamətlərindəndir. Burada nəzərdə tutulan tədbirlər nəticəsində keyfiyyətin idarə olunması standartları üzrə statistikanın bütün sahələrində müşahidələrin standart modellərə uyğun təhlilinə, statistik hesabat formaları və göstəricilər üzrə metaməlumatlar sistemlərinin yaradılmasına və onun məlumat bazalarına inteqrasiyasına, statistika proseslərinin və məlumatların keyfiyyətinə beynəlxalq uyğunluq sertifikatının alınmasına nail olunacaq, Komitənin internet səhifəsində yerləşdirilən yekun məlumatların məlumat bazalarına inteqrasiyası təmin ediləcəkdir. Bunlardan əlavə, milli təsnifatlar sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasının daha da inkişaf etdirilməsi yaxın 5 (beş) il ərzində ölkə statistikasının prioritet vəzifələrindən biri olaraq qalacaqdır.
BMT-nin Statistika Komissiyasının tövsiyələri nəzərə alınmaqla, təhsilin, iqtisadi fəaliyyət növlərinin, məhsul növlərinin və sənaye məhsullarının təsnifatları yenidən işlənəcəkdir ki, bu da mövcud statistik informasiya resurslarının yenidən kodlaşdırılmasına imkan yaradacaqdır. Bütün bunlar son nəticədə beynəlxalq və milli səviyyədə statistik informasiyaların müqayisəliliyinin təmin olunması, statistik məlumatların işlənməsinin keyfiyyətinin artırılması, informasiya sistem və resurslarının qarşılıqlı əlaqələrinin təmin edilməsi ilə nəticələnəcəkdir.
3.6. Dövlət statistika orqanlarının fəaliyyətinin idarə edilməsi
və maddi-texniki bazasının möhkəmləndirilməsi
Bu istiqamət dövlət statistika orqanlarının fəaliyyətinin idarə edilməsini və maddi-texniki bazasının gücləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Komitə tərəfindən təqdim edilən və digər dövlət qurumlarından alınan inzibati məlumatlara dair məlumat bazasının, statistik işlərin əmək tutumunun uçotunun avtomatlaşdırılmış sistemlərinin yaradılması və aparılması, ölkədə həyata keçirilən islahatlar çərçivəsində Bakı şəhəri rayonlarının statistika şöbələrinin və digər yerli statistika orqanlarının təşkilati strukturuna yenidən baxılması, regional qurumların fəaliyyət mexanizminin təkmilləşdirilməsi, statistika sisteminin İKT avadanlıqlarının yeniləşdirilməsi, daha müasir standart proqram təminatı paketlərinin, informasiya bazalarının, məlumat bazalarının idarə edilməsi sistemlərinin (MBİS) alınması və tətbiqi ilə bağlı tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda yerli statistika orqanlarının iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhər, Göygöl, Oğuz, Füzuli, Zərdab və Şamaxı rayon statistika idarələri üçün yeni inzibati binaların tikilməsi təmin ediləcəkdir.
3.7. Beynəlxalq əməkdaşlıq və kadr potensialının möhkəmləndirilməsi
Beynəlxalq əməkdaşlığın təşkili və kadr potensialının möhkəmləndirilməsi - Avropa İttifaqı ilə qonşuluq siyasəti, statistika sahəsində digər ölkələrin statistika xidmətləri ilə bağlanmış müqavilələr çərçivəsində əməkdaşlıq, Dünya Bankının təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq müqayisələr Proqramının yeni mərhələlərində Azərbaycanın iştirakını nəzərdə tutur ki, bu da ölkədə rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasına və inkişafına xidmət edəcəkdir. Bununla yanaşı, bölmə çərçivəsində kadrların peşəkarlığının artırılmasına, işçi heyətin bacarığının inkişafına və təkmilləşdirilməsinə, mövcud kadr potensialından səmərəli istifadəyə nail olmaq üçün dövlət statistika sistemində fasiləsiz yüksəkixtisaslı peşə hazırlığı sisteminin yaradılmasına, kadrların təlim və bacarığının inkişafına xüsusi diqqət yetiriləcək, Komitənin struktur bölmələrinin rəhbər kadrlarının və mütəxəssislərinin xaricdə və ölkə daxilində təcrübə keçməsi təşkil olunacaqdır.
4. Gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
- “MHS-2008” əsasında illik və rüblük milli hesabların tam dəstinin tərtib olunması, “xərclər-buraxılış” makrocədvəllərinin müntəzəm (beş ildə bir dəfə) tərtib olunması, digər növ aktivlərin (qiymətlilərin, təbii ehtiyatların, maliyyə aktivlərinin və s.) bazar qiymətləri ilə dəyər ifadəsində qiymətləndirilməsi üzrə metodoloji əsasların təkmilləşdirilməsi, statistik məlumatların respondentləri və istifadəçiləri ilə qarşılıqlı əlaqələr sisteminin qurulması və inkişafı, son nəticədə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən statistik göstəricilər sisteminin inkişafına və təkmilləşdirilməsinə imkan yaradılması, “MHS-2008”-in tövsiyələrinə uyğun hazırlanmış makroiqtisadi göstəricilərin, ardıcıl hesablar və balanslar sisteminin hazırlanması;
- elm, texnologiya və innovasiya statistikasının, habelə əhali, müəssisələr haqqında və inzibati məlumatların vəhdəti əsasında sosial və əmək statistikasının modernləşdirilməsinə şərait yaradılması;
- kiçik sahibkarlıq subyekti olan müəssisələrdə hesabat yükünün azaldılması məqsədi ilə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti üzərində statistik müşahidələrin sadələşdirilməsinə nail olunması;
- iqtisadiyyatda, sosial sferada, ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin hərtərəfli öyrənilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə almaqla, bu sahədə informasiya cəmiyyətinin statistik monitorinqinin formalaşdırılması;
- yekun statistik məlumatın obyektivliyi və keyfiyyətinin artırılması, statistik məlumat respondentləri və istifadəçilərinin qarşılıqlı əlaqə kanallarının formalaşdırılması, məlumat ehtiyatlarının qorunması, xüsusən də məlumat bazalarının icazəsiz girişlərdən müdafiəsini təmin etməklə, statistik məlumat istifadəçilərinin tələblərinin müəyyənləşdirilməsi;
- istifadəçilərin ehtiyaclarının elektron formada təmin edilməsi üçün nəzərdə tutulmuş dövlət informasiya sisteminin yaradılmasında Komitənin iştirakını daha da fəallaşdırmaqla, istifadəçilərə statistik göstəricilərdən, metaməlumatlardan, sorğu kitabçalarından, təsnifatlardan və digər zəruri məlumat ehtiyatlarından istifadə üçün hərtərəfli imkan yaradılması;
- vətəndaşların və təşkilatların sorğuları üzrə rəsmi statistik məlumatların elektron formada təqdim edilməsini daha da inkişaf etdirməklə, bu xidmətin avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə nail olunması;
- bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının həcmi, əkin sahələrinin ölçüsü, vətəndaşların şəxsi təsərrüfatlarında saxlanılan mal-qara və quşlar, şəhər və qəsəbələrdə yaşayanların şəxsi təsərrüfatları haqqında mövcud məlumatların dəqiqləşdirilməsi;
- əhalinin müxtəlif sosial-demoqrafik qruplarının həyat səviyyəsi və keyfiyyəti haqqında rəsmi statistik məlumatların əldə olunması;
- müəssisə və təşkilatlar tərəfindən hesabatların tərtibinə sərf olunan vaxta qənaət edilməsinə, məlumatların keyfiyyətinin artırılmasına, hesabatların sadələşdirilməsinə, statistik vahidlərlə interaktiv əlaqələrin gücləndirilməsinə, statistika orqanlarına müəssisə və təşkilatlardan daxil olan hesabatlardakı xəta və uyğunsuzluqların vaxtında aradan qaldırılmasına, göstəricilərin təkrarlanmasının qarşısının alınmasına və nəticədə respondentlərə düşən məlumat yükünün azaldılmasına nail olunması;
- statistik informasiyanın istifadəçilərə çatdırılması prosesinin təkmilləşdirilməsi və bütün istifadəçilərin beynəlxalq standartlara cavab verən etibarlı statistik məlumatlarla təmin edilməsi;
- statistik portalda müxtəlif məlumat bazasının yaradılması və bunun nəticəsində statistik məlumatların yayılmasında səmərəliliyin artırılması;
- Bakı şəhər, Göygöl, Oğuz, Füzuli, Zərdab və Şamaxı rayon statistika idarələri üçün yeni inzibati binaların tikintisini həyata keçirməklə işçilərin iş şəraitinin yaxşılaşdırılması;
- statistika sahəsində müasir biliklərə sahib olan yüksəkixtisaslı peşəkar kadr ehtiyatlarının yaradılması.
5. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı
Dövlət Proqramı dövlət büdcəsində Komitə üçün nəzərdə tutulan vəsait və qanunvericiliyə zidd olmayan digər xarici və daxili mənbələr hesabına maliyyələşdiriləcəkdir. Maliyyə vəsaitlərindən, əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş müayinələrin təşkili, struktur bölmələrinin rəhbər kadrlarının və mütəxəssislərinin xarici dövlətlərdə və ölkə daxilində təcrübə keçməsinin təşkili, Komitə sistemində istifadə olunan hesablama texnikasının, telekommunikasiya və digər avadanlıqların, proqram təminatının yeniləşdirilməsi və modernləşdirilməsi üçün istifadə ediləcəkdir.