İQTİSADİYYAT
2014-cü ildən etibarən Amerika Birləşmiş Ştatlarına birbaşa uçuşların həyata keçirilməsi nəzərdə tutulur
Bakı, 6 iyun (AZƏRTAC). 2014-cü ildən etibarən Amerika Birləşmiş Ştatlarına (ABŞ) birbaşa uçuşların həyata keçirilməsi nəzərdə tutulur.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) vitse-prezidenti Eldar Hacıyev AZƏRTAC-a bildirmişdir ki, iyunun ikisi - Azərbaycan Mülki Aviasiya Günündə müasir tipli “Boeing-767-300 ER” təyyarəsinin Bakıya gətirilməsi bizi çox sevindirir. İlk dəfədir ki, respublikamıza, Heydər Əliyev Beynəlxalq Aeroportuna bu tipli təyyarə gətirilir. Bu təyyarə uzaqmənzilli uçuşları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur.
Hazırda QSC-nin donanmasında təyyarələrin sayı 21-ə çatmışdır. Bunlar “Aerobus-319”, “Aerobus-320”, “Boeing-757”, ATR və “Boeing-767” tipli təyyarələrdir.
Bakıya gətirilmiş “Boeing-767-300 ER” təyyarəsi 11 min kilometr yüksəklikdə uçuş qabiliyyətinə malikdir və 12 min 200 kilometri birbaşa qət edir. Vitse-prezident bildirmişdir ki, 2012-ci ildə bu tipli daha bir təyyarə alınacaqdır. 2014-cü ildə isə ölkəmizə iki “Boeing-787 Dreamliner” təyyarəsi gətiriləcəkdir. “Boeing-787” tipli təyyarələr alındıqdan sonra isə ABŞ-a birbaşa uçuşların təşkil edilməsi nəzərdə tutulur.