SİYASƏT
İtaliya mətbuatı Senatda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilmiş konfransdan yazıb
Roma, 3 mart, AZƏRTAC
Xocalı soyqırımının 30-cu ildönümü çərçivəsində İtaliya Senatının “Caduti di Nassirya” mətbuat konfransı zalında “Etiraf yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” mövzusunda keçirilmiş konfrans yerli mətbuatın geniş diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, İtaliya Senatının rəsmi televiziyası və yutub kanalı vasitəsilə canlı yayımlanan konfransın tam videosu İtaliyanın “Radio Radicale” radiosunun internet səhifəsində yerləşdirilib. “Agenzia Nova” xəbər agentliyi və “Kmetro0”, “Notizie Geopolitiche” kimi analitik və xəbər portallarında tədbirlə bağlı yazılar dərc edilib.
“Askanews” xəbər agentliyinin konfransla bağlı hazırladığı videoreportaj İtaliyanın çoxsaylı nüfuzlu kütləvi informasiya vasitələri, o cümlədən “il Sole 24 Ore”, “il Tempo”, “Libero Quotidiano” kimi qəzetləri, habelə “Affari Italiani”, “il Dolomiti”, “Notizie Yahoo”, “Notizie Tiscali”, “Virgilio”, “Today.it”, “Notizie.it”, “MSN”, “Quotidiano Nazionale”, “Timgate”, “Socialboost”, “Dailymotion”, “Vistosulweb”, “Gruppo Corriere”, “Corriere di Siena” kimi analitik və xəbər portalları tərəfindən də yayılıb.
Məlumatlarda konfransın İtaliya Senatının “İrəli, İtaliya” partiyasından olan üzvü, İtaliyanın Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin vitse-prezidenti, senator Urania Papatheunun təşəbbüsü ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsi ilə birgə təşkil olunduğu bildirilib. Yazılarda senator U.Papatheunun, İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldinin, İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqonun, Avropa Müsəlmanlarının Sosial Birlik Təşəbbüsünün baş katibi, Danimarka İnsan Hüquqları İnstitutu şurasının üzvü Başi Qureyşinin, Vicdan azadlığı Uğrunda Dərnəklərin və Fərdlərin Koordinasiyasının prezidenti Tyeri Vallenin və Bursa Uludağ Universiteti rektorunun müşaviri, universitetin beynəlxalq akademik münasibətlər üzrə əlaqələndiricisi, ATƏT-in keçmiş şəxsi nümayəndəsi, din və geosiyasət üzrə professor Bülent Şenayın tədbirdə səsləndirdikləri fikirlərə yer verilib.
Konfransla bağlı yayılmış məlumatlarda Xocalı soyqırımının acı nəticələri barədə ətraflı məlumatlar verilib, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinə baxmayaraq ,Xocalıya ədalətin hələ tam bərpa olunmadığı, tədbirin məqsədinin etiraf, dialoq və barışıq yolu ilə insanlara Xocalı faciəsinin kölgəsini aradan qaldırmağa kömək etmək üçün güclü beynəlxalq vasitəçiliyi araşdırmaq olduğu qeyd edilib. Bu xüsusda, yazılarda “Barışıq üçün etiraf et” təşəbbüsünün əhəmiyyəti və təşəbbüsün Xocalı soyqırımının Ermənistan tərəfindən etirafı, azərbaycanlılarla ermənilər arasında birbaşa dialoqa yardım edilməsi, münaqişə ilə bağlı acı xatirələri aradan qaldıraraq birlikdə Cənubi Qafqazda barışıq və dayanıqlı sülh yollarının tapılması kimi məqsədlərinə nail olmaq üçün Xocalı faciəsinin 30-cu ildönümü ili ərzində davamlı olaraq fəaliyyət göstəriləcəyi qeyd olunub.
Yazılarda konfransın sonunda “Barışıq üçün etiraf et” təşəbbüsünü dəstəkləyən Avropa təşkilatlarının koalisiyasının elan edildiyi, habelə çıxışçılar, tədbirdə iştirak edən bir sıra italyan parlamentarilərin və digər iştirakçıların rəmzi olaraq Roma Bəyannaməsi adlanan “Barışıq üçün etiraf et” təşəbbüsünün beynəlxalq koalisiyası Bəyannaməsini imzaladıqları bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma