İQTİSADİYYAT
Yaponiyada keçirilən Beynəlxalq “Foodex 2013” Qida və İçki Sərgisində Azərbaycanı “Şərq ulduzu” MMC təmsil edir
Tokio, 7 mart (AZƏRTAC). Martın 5-də Tokionun nəhəng “Makuhari Messe” sərgi salonunda açılmış Beynəlxalq “Foodex 2013” Qida və İçki Sərgisində Azərbaycanı Şəmkir rayonundakı “Şərq ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təmsil edir.
Yaponiyada artıq 38 ildir keçirilən “Foodex 2013” sərgisi ənənəvi olaraq dünyanın müxtəlif ölkələrinin qida müəssisələrinin, içki şirkətlərinin, həmçinin bu sektorla əlaqəsi olan dövlət qurumlarının və firmaların nümayəndələrini bir araya gətirir.
Nəhəng “Makuhari Messe” salonunun 8 zalında təşkil edilmiş sərgidə dünaynın 66 ölkəsinin 2533 şirkətinin nümayəndələri iştirak edirlər.
Martın 8-dək davam edəcək sərgidə “Şərq ulduzu” MMC-nin stendi iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
Sərgidə iştiraka görə Yaponiyanın JETRO şirkətinə və Azərbaycanın Yaponiyadakı səfirliyinə minnətdarlığını bildirən müssisənin direktoru Əsgər Əlirzayev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirmişdir ki, müəssisənin Şəmkir rayonunda 108 hektar üzüm sahəsi vardır. Üzüm bağları Fransa, İran və Gürcüstandan gətirilən və yerli tinglər hesabına salınmışdır.
Şərabçılığın Şəmkirdə ənənəvi istehsal sahəsi olduğunu qeyd edən direktor bu ənənənin indi də yaşadığını və onun davam etdirilməsi istiqamətində mühüm işlər görüldüyünü demişdir. "Şərq ulduzu" MMC-nin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Zavodumuz ən müasir texnologiyaların tətbiqi əsasında qurulmuşdur. Burada quraşdırılan avadanlıq Almaniya və İtaliya istehsalıdır. Hazırda zavodda 18 növ şərab istehsal edilir.
Direktor bildirmişdir ki, sərgidə müəssisənin məhsulları həm yerli, həm da xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraqla qarşılanır. Bu, bizi çox sevindirir. Azərbaycanı burada tanıyırlar və ölkəmiz haqqında çox yaxşı fikirlər vardır. Azərbaycan iqtisadiyyatının sürətli və dinamik inkişafı haqqında burada məlumatlıdırlar. İki gün ərzində bizə müraciət edənlərdən bir neçəsi hətta Bakıda, Şəkidə və Azərbaycanın digər yerlərində turist kimi olduqlarını da bildirmişlər. Bizim şərablarımız haqqında da məlumatları vardır və bu, bizi sevindirir.
Sərgidə “Şərq ulduzu”nun Azərbaycan şərabçılığını layiqincə təmsil etməyə çalışdığını bildirən direktor artıq bir şirkətlə əmkdaşlıq müqaviləsinin imzalandığını və cari ilin iyununda ilk konteynerin Yaponiyaya göndəriləcəyini demişdir.
Yaponiyada və dünyanın bir çox ölkələrində restoranlar şəbəkəsinə malik olan “Toyo Hara” şirkətinin prezidenti Kenci İtinoseki də Azərbaycan şərablarının müştərilər tərəfindən maraqla qarşılandığını bildirmişdir. Biz Rusiyadakı və Yaponiyadakı restoranlarımızda “Şərq ulduzu”nun şərablarını məmnuniyyətlə təqdim edirik. Müştərilərimiz onlara əvvəlcə ehtiyatla yanaşsalar da növbəti dəfə məhz Azərbaycan şərabı sifariş edirlər. Mən azərbaycanlı dostlarımıza Yaponiyadakı bizneslərində uğurlar arzulayıram.
Sərgi çərçivəsində Yaponiya ilə yanaşı, digər ölkələrin nümayəndələri ilə də əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio