SİYASƏT
20 YANVAR FACİƏSİ HEÇ ZAMAN UNUDULMAYACAQDIR
Yanvarın 9-da Qadın Problemləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin anım gününə həsr olunmuş mərasim keçirilmişdir.
Komitənin sədri Zəhra Quliyeva çıxışında bildirdi ki, mərasim “20 Yanvar faciəsinin on üçüncü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 28 dekabr 2002-ci il tarixli Sərəncamına müvafiq olaraq təşkil edilmişdir. Natiq demişdir ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Bir gecənin içində şəhidlik zirvəsinə yüksələn bu insanlar daim yad ediləcək. Çünki şəhidlər ölmürlər, qan yaddaşına çevrilirlər. Belə tədbirləri keçirməkdən əsas məqsədimiz Azərbaycan xalqının yaşadığı bu amansız faciəni gənc nəslə çatdırmaqdır.
Yığıncaqda QPDK sədrinin birinci müavini Dilruba Camalova, “Sevil” Azərbaycan Qadınlar Məclisi elmi mərkəzinin rəhbəri Rəfiqə Əzimova, məclisin Səbail rayon təşkilatının sədri Sülhiyyə Həsənova, şəhid ailəsinin üzvü Reyhanə Meşgini və başqaları çıxış edərək bir daha Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər.
Sonra ehsan süfrəsi verildi. Şəhid ailələrinə və əlillərə maddi yardım göstərildi.