CƏMİYYƏT


20 Yanvar faciəsi Cənubi Koreya mətbuatında

20 Yanvar faciəsi Cənubi Koreya mətbuatında

Bakı, 20 yanvar, AZƏRTAC

Koreya Respublikasının "koreapost.com" və "naewoeilbo.com" saytlarında Qanlı Yanvar faciəsi barədə yazılar yer alıb.

AZƏRTAC xəbər verir ki, məqalələrdə 1990-cı il yanvarın 20-də azərbaycanlılara qarşı törədilən və tarixə Qara Yanvar kimi düşən cinayətə görə keçmiş SSRİ rəhbərliyinin məsuliyyət daşıdığı qeyd edilib. Diqqətə çatdırılıb ki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasına çevrilən hadisələrdən 33 il keçməsinə baxmayaraq, Azərbaycan tarixində bu qara zolaq beynəlxalq aləmdə siyasi və hüquqi qiymət almayıb. Beynəlxalq hüquqa görə, 20 Yanvar hadisələri bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilməli, onun təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar.

Qeyd edilib ki, çoxlu sayda dinc azərbaycanlının qətlə yetirilməsinin səbəbi 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından, eləcə də yüz minlərlə azərbaycanlının Ermənistandan zorakılıqla və vəhşicəsinə deportasiyasından sonra güclənən milli hərəkata əngəl törətmək və Azərbaycan xalqının müstəqillik iradəsini qırmaq istəyi olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə 26 min sovet əsgəri Bakı və Sumqayıta, eləcə də Azərbaycanın digər şəhərlərinə soxulub, nəticədə 147 dinc sakin həlak olub, 744 nəfər ağır yaralanıb.

Həmçinin bildirilib ki, 1994-cü ilin fevralında Milli Məclisin növbədənkənar iclasında 1990-cı il yanvarın 20-də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. Bu gün Qanlı Yanvarda, həmçinin Azərbaycanın müstəqilliyi, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid qəhrəmanların ruhu nəhayət ki, rahatlıq tapıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan qurtararaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.