20 Yanvar faciəsi bəşəri cinayətdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, partiyanın sədri Xanhüseyn Kazımlı tədbirdə çıxış edərək bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu tərəfindən qırğın törədilmişdir. Heç bir xəbərdarlıq etmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb etirazlarını bildirən dinc əhaliyə divan tutmuşdur. Nəticədə günahsız insanlar qətlə yetirilmiş, yaralanmış və xəsarət almışlar.
Milli Məclisin deputatları Fazil Mustafa, Qənirə Paşayeva, İlyas İsmayılov çıxışlarında bildirmişlər ki, 20 Yanvar hadisələri həm də xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin bu hadisələr Azərbaycan xalqının iradəsini qıra bilmədi. İyirmi Yanvar xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi kimi yaddaşlara həkk olunmuşdur. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan qəhrəman Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Qeyd olunmuşdur ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev vermişdir. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədənləri kəskin şəkildə tənqid etmişdir.
Digər çıxış edənlər bildirmişlər ki, Azərbaycan reallıqlarının, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir.
Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilmişdir.