Qanlı Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir
Tbilisi, 21 yanvar, AZƏRTAC
Qanlı Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsi yalnız ildönümlərində deyil, hər zaman xatırlanmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən “Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi”ndə keçirilən anım tədbirində səslənib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Samir Şərifov tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş məlumat verib.
Azərbaycan dili müəllimi Hümmət Əhmədov 20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlıq nümunələrinin gənc nəsil üçün əsl vətənpərvərlik dərsi olduğunu qeyd edib. O, tədbirin şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət, tariximizə bağlılıq və vətənpərvərlik ruhunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda şagirdlər 20 Yanvar faciəsinə aid şeirlər söyləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi