Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır
Paris, 31 oktyabr, AZƏRTAC
Fransada 3 həftə ərzində üçüncü ümumxalq etiraz aksiyası oktyabrın 31-də keçirilir. Bahalaşma, milli təhsil sisteminə ayrılan vəsaitin yetərsizliyi və şagird etirazlarının polis tərəfindən idarə olunması yenidən narazılığın əsas səbəbləri sırasındadır.
AZƏRTAC xəbər verir ki, “Sarı jiletlilər”in saytında ölkə üzrə 250-dən çox aksiya qeydə alınsa da, Daxili İşlər nazirinə yaxın mənbənin məlumatına görə, onlardan 150-nə rəsmi icazə verilib. Halloween bayramı ilə eyni günə təsadüf edən nümayişlərə görə təhlükəsizlik tədbirləri də gücləndirilib.
CGT həmkarlar ittifaqı icazəsiz yürüşlərə qarşı çıxıb. Sofi Binenin rəhbərlik etdiyi konfederasiya Parisdəki nümayişçiləri Dövlət Şurasının qərarına əməl etməyə və təsdiqlənmiş marşruta qoşulmağa çağırıb. CGT Paris bölməsinin baş katibinin müavini Karl Ghazinin sözlərinə görə, təşkilat qadağan olunmuş marşrutlarla yürüşə çağırış etmir və məcburiyyət qarşısında qalsa da, iştirakçıları icazə verilən istiqamətə yönəldir.
Daxili işlər naziri Loran Nünez aksiyalar zamanı mümkün iğtişaşların qarşısını almaq üçün ölkə üzrə təxminən 70 min polis və jandarmın səfərbər ediləcəyini açıqlayıb. Hakimiyyət orqanları oktyabrın 17-də baş verənlərə bənzər zorakılıq hallarının təkrarlanmasından ehtiyat edir.
Bununla yanaşı, Parisdə Respublika meydanı və Châtelet–Les Halles ərazilərində şənbə-bazar və bazar ertəsi gecələri saat 23:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq. Bordo, Marsel və Le-Man şəhərlərində də oxşar məhdudiyyətlər nəzərdə tutulub.