Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur
Naxçıvan, 30 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin məqsədi Zəfər mövzusunun Naxçıvan bəstəkarlıq sənətində bədii-estetik təcəssümünü təşviq etmək, milli musiqi mədəniyyətinin inkişafına töhfə vermək və yeni musiqi əsərlərinin yaradılmasına dəstək göstərməkdir. Eyni zamanda, Azərbaycan xalqının Zəfər salnaməsini, milli-mənəvi dəyərlərini, vətənpərvərlik ruhunu, qəhrəmanlıq tarixini və azadlıq ideyalarını musiqi sənətinin dili ilə ifadə edən yeni bəstəkar əsərlərinin yaradılması və təbliğini təşviq etməkdir.
Müsabiqəyə xüsusi olaraq bu layihə üçün bəstələnmiş, əvvəllər digər müsabiqələrdə iştirak etməmiş, səsləndirilməmiş və nəşr olunmamış əsərlər qəbul edilir. Təqdim olunan əsərin not yazısı və audioyazısı da müraciət sənədlərinə əlavə olunmalıdır.
Müsabiqəyə təqdim olunan əsərlər “Zəfərimizin sədaları” mövzusunun ideya və məzmun istiqamətlərinə uyğun olmalı, Vətənə məhəbbət və milli birlik; Azərbaycanın tarixi Zəfəri və qəhrəmanlıq salnaməsi; şəhidlərin əziz xatirəsi və qazilərin şücaəti; milli-mənəvi dəyərlər və Azərbaycan dövlətçiliyi motivlərini özündə əks etdirməlidir.
Müsabiqə “Vokal və instrumental əsərlər – mahnı, romans və instrumental əsərlər – pyeslər” nominasiyası üzrə keçirilir. Əsərin müddəti 3 dəqiqədən az olmamalıdır.
İştirak üçün tələb olunan sənəd və materiallar 2027-ci il yanvarın 15-dək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təqdim edilməlidir.
Müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. I, II və III yerlərin qalibləri diplom və mükafatlarla təltif olunacaq, həvəsləndirici sertifikatların verilməsi də nəzərdə tutulur. Seçilmiş əsərlərin konsert proqramında səsləndirilməsi, radio və televiziya vasitəsilə təqdimatı, notlarının nəşri də planlaşdırılır.
Müsabiqənin şərtləri və iştirak qaydaları ilə daha ətraflı tanış olmaq üçün nazirliyin nculture.gov.az saytına keçid edə bilərsiniz.
Müxbir - Nail Əsgərov