Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA
Bakı, 30 oktyabr, AZƏRTAC
Beynəlxalq alimlər qrupu autizmli və autizmli olmayan insanların beyin fəaliyyətində, xüsusilə qərarvermə, səhvlərə reaksiya və əvvəlki təcrübələrdən istifadə prosesində fərqlər müəyyən ediblər.
AZƏRTAC TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, İbrani Universitetinin professoru Merav Ahissarın rəhbərlik etdiyi tədqiqatda 68 yetkin şəxs iştirak edib. Təcrübə zamanı iştirakçılardan müxtəlif səsləri dinləyərək daha yüksəktonlu olanı müəyyənləşdirmək istənilib. Alimlər bu prosesdə elektroensefaloqrafiya vasitəsilə onların beyin fəaliyyətini qeydə alıblar.
Nəticələr göstərib ki, hər iki qrup tapşırığı təxminən 70 faiz dəqiqliklə yerinə yetirsə də, beyin reaksiyaları fərqlənib. Autizmli iştirakçılar səhv cavablarla bağlı rəylərə daha zəif reaksiya verib, əvvəlki uğurlu təcrübələrdən isə sonrakı qərarlarında daha az istifadə ediblər. Bir-iki il sonra təkrarlanan sınaqlarda da bu fərqlər müşahidə olunub.
Alimlərin fikrincə, əldə olunan nəticələr autizmli insanların məlumatları necə emal etdiyini və dəyişən şəraitə necə uyğunlaşdığını daha yaxşı anlamağa kömək edə bilər. Bununla belə, araşdırma nəticələri autizmin diaqnostikası üçün yeni test hesab edilmir.
Qeyd edək ki, tədqiqatın nəticələri hələ ekspert rəyindən keçməmiş elmi işlərin dərc olunduğu “bioRxiv” platformasında yayımlanıb.