Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan və Türkiyə arasında elmi və akademik əlaqələrin genişləndirilməsi, birgə tədqiqatların aparılması və gənc alimlərin hazırlanması istiqamətində əməkdaşlığın yeni imkanları nəzərdən keçirilir.
Bu məqsədlə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə Türkiyənin Çanaqqala Onsekiz Mart Universiteti arasında elmi və akademik əməkdaşlığa dair memorandumun hazırlanması və imzalanması planlaşdırılır.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İlkin razılığa əsasən, sənəddə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, doktorantura səviyyəsində əməkdaşlıq, ikili elmi rəhbərlik mexanizmlərinin yaradılması, akademik mobillik və təcrübə mübadiləsi kimi istiqamətlərin əksini tapması nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərindən biri də birgə doktorantura proqramının hazırlanmasıdır. Bu çərçivədə dissertasiya mövzularının qarşılıqlı elmi maraqlar əsasında müəyyənləşdirilməsi və doktorantlara hər iki ölkədən elmi rəhbərlərin təyin olunması imkanları nəzərdən keçiriləcək.
Tərəfdaşlıq coğrafiya elminin müxtəlif istiqamətləri üzrə elmi bilik və təcrübə mübadiləsi üçün də əlverişli zəmin yarada bilər. Xüsusilə iqlim dəyişmələri, su ehtiyatlarının idarə olunması, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə, landşaftların tədqiqi və regional inkişaf kimi aktual məsələlər üzrə ortaq elmi yanaşmaların formalaşdırılması qarşılıqlı maraq doğuran istiqamətlərdəndir.
Müasir coğrafiya tədqiqatlarında coğrafi informasiya sistemləri, məsafədən zondlama və rəqəmsal xəritəçəkmə texnologiyalarının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Bu sahələrdə təcrübə mübadiləsi tədqiqat metodlarının təkmilləşdirilməsinə, elmi nəticələrin müqayisəli təhlilinə və yeni tədqiqat yanaşmalarının formalaşdırılmasına imkan verə bilər.
Digər mühüm istiqamət gənc alimlərin və doktorantların elmi potensialının inkişaf etdirilməsidir. Akademik mobillik, birgə elmi tədbirlər, təcrübə proqramları və ortaq tədqiqat təşəbbüsləri gənc tədqiqatçıların beynəlxalq elmi mühitdə təmsil olunmasına, xarici elmi məktəblərin təcrübəsindən yararlanmasına və peşəkar əlaqələr qurmasına şərait yarada bilər.
Mütəxəssislərin fikrincə, Azərbaycan və Türkiyə universitetləri və elmi-tədqiqat müəssisələri arasında belə tərəfdaşlıqlar elmi potensialın birləşdirilməsi, müasir tədqiqat metodlarının tətbiqi və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq, həmçinin gənc alimlərin yetişdirilməsinə, yeni elmi məktəblərin formalaşmasına və coğrafiya elminin aktual problemlərinin birgə araşdırılmasına töhfə verə bilər.