Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər
Tbilisi, 30 oktyabr, AZƏRTAC
Bu gün Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, “PASHA Real Estate Group” tərəfindən inşa edilmiş 5 ulduzlu “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.
Hoteldə müxtəlif kateqoriyalara aid 152 hotel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.
“ART Riverfront Hotel Tbilisi” “PASHA Real Estate Group”un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.