Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış şəxslərə sənədlərin təqdim olunması barədə tədbir keçirilib.
Komissiyadan AZƏRTAC-a verilən məlumata görə, 15 elm sahəsi üzrə ümumilikdə 56 iddiaçıya diplom, attestat və xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası (tanınması) barədə şəhadətnamələr təqdim edilib. Tədbirdə elmi dərəcə alan iddiaçılardan 27-nə fəlsəfə doktoru, 6-na isə elmlər doktoru diplomları verilib. Həmçinin xaricdə elmi dərəcə qazanmış 3 iddiaçının sənədi nostrifikasiya əsasında tanınıb. Onlar Türkiyənin İstanbul Universitetində iqtisad elmləri, Konya Texniki Universitetində texnika elmləri və Fransanın Strasburq Universitetində yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış şəxslərdir.
Bununla yanaşı, müxtəlif ixtisaslar üzrə dosent attestatları da sahiblərinə təqdim olunub. Sənəd alanlar arasında filologiya elmləri ("German dilləri" üzrə 2, "Azərbaycan ədəbiyyatı", "Dünya ədəbiyyatı", "Dil nəzəriyyəsi" üzrə 1) və pedaqogika elmləri ("Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası"nın müvafiq istiqamətləri üzrə 4) sahəsində fəaliyyət göstərən iddiaçılar üstünlük təşkil edib.
Həmçinin fizika, biologiya, texnika, kimya, tibb, aqrar və iqtisad elmləri sahələrində müvafiq ixtisaslar üzrə hərəsindən bir nəfər olmaqla digər iddiaçılara da dosent attestatları təqdim edilib.