Rəssam: Əsərin əsas ideyası təbiətin yaddaşını kosmosun simvolları ilə ifadə etməkdir
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Bakıda start götürən “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) festivalı çərçivəsində şəhərin müxtəlif məkanlarında rəssamların əsərləri nümayiş olunur.
Bu məkanlardan biri də “Atəş Hub” müasir incəsənət platformasının təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində təqdim edilən “Sayrışan simvollar” (“Shimmering Symbols”) sərgisidir.
Sərginin diqqətçəkən işlərindən biri rəssam Alena Yusupovanın “Göylərin yaddaşı” adlı işıq instalyasiyasıdır. Əsərdə nəsli kəsilmək təhlükəsi ilə üzləşən beş heyvan – canavar, ayı, qartal, ceyran və bəbir təsvir olunur. Lakin rəssam bu canlıları ənənəvi təsvir üsulundan fərqli olaraq, bürclər və ulduz xəritələri vasitəsilə təqdim edir.
Alena Yusupova AZƏRTAC-a açıqlamasında bildirib ki, əsərin əsas ideyası təbiətin yaddaşını kosmosun simvolları ilə ifadə etməkdir: “Bu instalyasiyada Qırmızı kitaba daxil edilmiş, nəsli kəsilmək təhlükəsi ilə üzləşən beş heyvanı təqdim edirəm. Onları real obrazlarda deyil, bürclər şəklində göstərməyi seçdim. İzləyicilər burada kosmosu, ulduzları və müxtəlif həndəsi formaları əks etdirən dörd növ işıq instalyasiyası ilə qarşılaşırlar. Həndəsə elementləri üzərində 2012-ci ildən çalışıram”.
Qədim sarayın divarlarına proyeksiya olunan işıq təsvirləri insanı təbiətin taleyi, canlı aləmin qorunması və yaddaşın gələcək nəsillərə ötürülməsi barədə düşünməyə çağırır.
Müxbir - Gülay Nəzərova