Şərqi Zəngəzurda yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb
Ağdam, 30 oktyabr AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun, Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib və Qaragöl Dövlət Təbiət Qoruğunun, həmçinin Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov oktyabrın 30-da Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.
V.Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərin zəngin ekosisteminin və təbii irsinin beynəlxalq miqyasda təbliğini və tanıdılmasını, biomüxtəlifliyin bərpasını və qorunub saxlanılmasını, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi ilə sosial-iqtisadi imkanların artırılmasını, habelə regionda ekoturizmin inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 oktyabr tarixli Sərəncamı ilə ümumi sahəsi 88 min 418 hektar olan Qarabağ Milli Parkı yaradılıb. Həmçinin Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində də yeni milli parkın yaradılması ilə bağlı tədqiqat işlərinə və ərazinin xəritə-sxem layihəsinin hazırlamasına başlanılıb.
Müxbir – Tahir Ağaməmmədov