“Yaralılar yenidən ön xəttə can atırdı” - Hərbi feldşerin döyüş xatirələri
Xaçmaz, 30 oktyabr, AZƏRTAC
Biz ilk gündən Suqovuşan istiqamətindəki döyüş əməliyyatlarına cəlb olunduq. İlk yaralılarımızı Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Yaralılarımız çox idi. Mən əsgər və zabitlərimizin yüksək döyüş ruhunu məhz orada aydın gördüm. Hamı yaralı olmasına baxmayaraq, yenidən ön xəttə can atırdı. Əsgərin barmağı qopub, amma deyir ki, “Məndə heç nə yoxdur, döyüşə qayıdım”. Ayağı amputasiya olunan başqa bir döyüşçü isə hələ vəziyyətini tam dərk etmədən səngərə tələsirdi. Bax belə mətin oğullar gördük.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş gizir Ramil Səmədov söyləyib.
Ramil Səmədov 1982-ci il sentyabrın 26-da Şabran rayonunun Ağbaş kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, 2004–2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində feldşer ixtisası üzrə təhsil alıb. Elə həmin ildən etibarən hərbi hissədə tibb məntəqəsinin feldşeri kimi xidmətə başlayıb. 2016-cı il Aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin antiterror əməliyyatının iştirakçısıdır. Vətən müharibəsində Ağdam və Suqovuşan istiqamətlərində gedən qızğın döyüşlərdə xidmət edərək, onlarla hərbçimizin həyatını xilas edib.
“Aprel döyüşlərində Ordumuz düşmənə layiqli cavab vermişdi. 44 günlük Vətən müharibəsinin başladığı günü isə heç vaxt unutmaram. Milli Qəhrəmanımız general-mayor Polad Həşimov şəhid olandan sonra hər kəs qisas hissi ilə alışırdı, döyüşlərin tezliklə başlayacağını bilirdik. Sentyabrın 26-sı mənim doğum günüm idi. Ürəyimdən keçdi ki, heç olmasa bu tarixi ailəmlə qeyd edim. Lakin hər an əks-hücum əmri verilə biləcəyini bildiyim üçün cəbhə yoldaşlarımın yanında qaldım. Səhəri artilleriya atəşlərinin gurultusu ilə açdıq. Gözlədiyimiz o şərəfli gün artıq gəlmişdi”, – deyə Ramil Səmədov xatırlayır.
O bildirir ki, həmin günlərdə xalqla ordunun sarsılmaz vəhdəti hər addımda hiss olunurdu: “Kəndlərdən keçəndə yaşlı analar, nənələr əsgərlərə çörəkpayı verir, hamı döyüşçülərimizə kömək etməyə çalışırdı. Bu arxa cəbhə dəstəyi hər kəsə böyük güc verirdi”.

Hərbi feldşer döyüş meydanında çox ağır mənzərələrin şahidi olduğunu da bildirir: “Ağdam istiqamətindəki döyüşlərin birində minaatan batareyamızın yaxınlığına mərmi düşdü. Çavuşumuz şəhid oldu, yanındakı əsgərin isə ayaqları ağır xəsarət aldı və amputasiya olunmalı oldu. Əsgərin “Anam mənim üçün qurban demişdi. İndi onun yanına necə qayıdacağam?” sözləri heç vaxt yadımdan çıxmaz. Çox çətin sınaqlardan keçdik. Lakin ilkin tibbi yardım göstərdiyimiz yaralını hospitala sağ-salamat çatdıranda keçirdiyimiz sevinci sözlə ifadə etmək mümkün deyildi. Sanki insan həyata yenidən göz açırdı. Məni ən çox sarsıdan hadisələrdən biri isə xidmət yoldaşım, gizir Nahid Mikayılovun şəhadəti oldu. İyirmi ildən çox Ağdamda xidmət etmişdi. Təxris olunmağına cəmi iki ay qalmışdı. Deyirdi ki, təqaüdə çıxandan sonra Vətənimizi, dünyanı səyahət edəcək. Təəssüf ki, arzusu yarımçıq qaldı. Onu hospitala çatdırsaq da, səhəri gün şəhid olması xəbərini aldıq”.
Ramil Səmədov qeyd edir ki, döyüşlərdə tibb heyəti daim yüksək hazırlıq vəziyyətində idi. Məlumat daxil olan kimi atəş altındakı səngərlərə qədər irəliləyir, yerindəcə ilkin tibbi yardım göstərir, qanaxmanı dayandırır və yaralıları dərhal təxliyə edirdilər.

“Şəhid olan silahdaşlarımızı xatırlayanda ürəyim sızıldayır. Lakin qürur duyuram ki, qanları yerdə qalmadı, tarixi Zəfər qazandıq. Bu gün alnıaçıq, başıuca yaşayırıqsa, bunu şəhidlərimizə və qazilərimizə borcluyuq. Mənim oğlum hazırda Xankəndidə, Qarabağ Universitetində təhsil alır. Mən də gedib həmin torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərini gördüm. Qarabağa yenidən həyat qayıdır”, – deyə müsahibimiz əlavə edib.
Qeyd edək ki, Ramilin qardaşı Rəşid Səmədov da Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaət göstərmiş Vətən müharibəsi qazisidir (3-cü qrup müharibə əlili).
Baş gizir Ramil Səmədov xidməti dövründə "Ağdamın azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. O, hazırda Xaçmaz rayonunun Qədəşoba kənd tibb məntəqəsinin müdiri vəzifəsində çalışır.
Müxbir – Elxan Yusifli