Aydan Salahova: Qız qalası əfsanəsinin faciəvi sonluğu layihənin başlanğıc nöqtəsini təşkil edir
Bakı, 30 oktyabr, AZƏRTAC
“Qız qalası” layihəsində Azərbaycan mədəniyyətinin əsas simvollarından birinə – yalnız memarlıq abidəsi kimi deyil, həm də çoxsaylı əfsanə və rəvayətlərlə bağlı obraz kimi çıxış edən Qız qalasına müraciət edirəm. Qız qalası haqqında əfsanənin faciəvi sonluğunun əvvəlcədən müəyyənləşdirilməsi layihənin başlanğıc nöqtəsini təşkil edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış rəssam və heykəltaraş Aydan Salahova deyib.
O qeyd edib ki, Bakının şəhər landşaftında daim mövcud olan bu abidə ətrafında formalaşan hekayələr nəsildən-nəslə ötürülərək zaman keçdikcə kollektiv yaddaşın və şəhər haqqında təsəvvürlərin ayrılmaz hissəsinə çevrilib.
“Layihədə Qız qalası yalnız tarixi və memarlıq irsi nümunəsi kimi deyil, həm də hadisələrin fərqli cərəyan edə biləcəyi bədii məkana çevrilir. Bu yanaşma əfsanənin qəhrəmanının taleyinə də başqa prizmadan baxmağa imkan yaradır. Ekspozisiyada keçmişdən miras qalan hekayə ilə bu günün baxışı arasında əlaqə qurulur. Bu bədii interpretasiya tamaşaçını yalnız tanış əfsanənin alternativ sonluğu haqqında düşünməyə deyil, həm də yaddaşımızda qorunan hekayələrə münasibətimizi yenidən nəzərdən keçirməyə sövq edir”,- deyə A.Salahova əlavə edib.