İdman tarixində bu gün: Dieqo Maradona 37 yaşında karyerasını bitirib
Bakı, 30 oktyabr, AZƏRTAC
Argentina futbolunun əfsanəsi Dieqo Maradona 1997-ci il oktyabrın 30-da – 37 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu rəsmən elan edib.
AZƏRTAC xəbər verir ki, Maradona karyerasının sonuncu rəsmi oyununu bundan 5 gün əvvəl – oktyabrın 25-də keçirib. O, “Boka Xuniors”un heyətində əzəli rəqib “River Pleyt”ə qarşı Superklasiko görüşündə meydana çıxıb. “El Monumental” stadionunda baş tutan qarşılaşma “Boka Xuniors”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Maradona peşəkar karyerasına “Argentinos Xuniors” klubunda başlayıb. Daha sonra “Boka Xuniors”, İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” kimi komandalarının formasını geyinib.
Onun karyerasının ən böyük uğuru 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında Argentina millisinin heyətində qazandığı çempionluq olub. Həmin vaxt komandanın kapitanı olan Maradona turnirdə İngiltərəyə əli ilə vurduğu qolla yadda qalıb. O, sonradan həmin epizodu şərh edərkən bunun “Tanrının əli” olduğunu bildirmişdi.
Əfsanəvi futbolçu klub səviyyəsində ən böyük uğurlarını isə “Napoli”də qazanıb. Onun çıxış etdiyi komanda iki dəfə İtaliya çempionu (1986/1987, 1989/1990), bir dəfə isə UEFA Kubokunun qalibi (1989) olub.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də - 60 yaşında vəfat edib. O, dünya futbolunun ən böyük əfsanələrindən biri kimi tarixə düşüb.