Nazir: Doqquz ayda 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Aqrar sahədə həyata keçirilən tədbirlərin nəticələri kənd təsərrüfatı istehsalının göstəricilərində də öz əksini tapır. Belə ki, bu ilin yanvar–sentyabr aylarında ölkəmizdə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artıb, buğdanın məhsuldarlığı 36,3 sentnerə yüksəlib: “Meyvə və giləmeyvə istehsalı 5 faiz artaraq 842,6 min tona çatıb. Kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika qeydə alınıb”.
“Aqrar sahənin hüquqi bazasının təkmilləşdirilməsi, “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” yeni qanunların qəbul edilməsi, dövlət dəstəyi mexanizmlərində yeni yanaşmalar müasir idarəetmə mexanizmlərinin tətbiqini və Dövlət Proqramının prioritetlərinə uyğun istehsalın təşviqini nəzərdə tutur. Bütün bu yeniliklərin əsas məqsədi fermerlər üçün daha əlverişli fəaliyyət mühiti yaratmaq, dövlət dəstəyinin səmərəliliyini yüksəltmək və aqrar sahənin rəqabət qabiliyyətini gücləndirməkdir”, - deyə M.Məmmədov diqqətə çatdırıb.