Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Sərgidə təqdim olunan xalçalardan ikisi Lətif Kərimovun eskizləri əsasında hazırlanıb. Həmin eskizlər vaxtilə toxunmayıb, kağız üzərində qalıb.
Bunu AZƏRTAC-a açıqlamasında xalçaçı-rəssam Yaşar Məlfouzi deyib.
Onun sözlərinə görə, təxminən bir il əvvəl Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova ilə əlaqə saxlayaraq Lətif Kərimovun 120 illik yubileyi münasibətilə sənətkarın eskizləri əsasında iki xalçanın hazırlanıb nümayiş etdirilməsini təklif ediblər. Bu əsərlər eskizlər əsasında yaradılmış qabartmalı xalçalar kimi təqdim olunur.
“İki eskiz seçdik: biri “Xeyir və Şər”, digəri isə “Yaşam ağacı” adlanır. Xalçalar ipəkdən, Təbriz üslubunda toxunub. Onların hazırlanması, o cümlədən kəsmə işləri təxminən bir il çəkib”, – deyə o əlavə edib.
Yaşar Məlfouzi iş prosesində qarşılaşdıqları çətinliklərdən də danışıb. Bildirib ki, təxminən 40 santimetr ölçüdə olan eskizlər böyüdülərək 140x200 santimetr ölçüsündə xalçalara çevrilib:
“Xalçaları Lətif Kərimovun sənətinə layiq şəkildə hazırlamaq üçün eskizlərdəki detalları qorumaq, naxışları dəqiqliklə işləmək lazım idi. Bu, çox həssas və məsuliyyətli iş idi. Əsas istəyim xalçaların yüksək keyfiyyətlə toxunması, ilmələrin səliqəli salınması və əsərlərin gözəl şəkildə nümayiş etdirilməsi idi. Ümid edirəm ki, buna nail olmuşuq”.