Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycanın İslam ölkələri ilə münasibətləri dini-mənəvi bağlarla yanaşı, həm də qarşılıqlı hörmət, həmrəylik və ortaq inkişaf maraqlarına əsaslanır. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT), həmçinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) rəhbərləri ilə Bakıda keçirdiyi son görüşlərdə bu siyasətin prioritetlərini çox aydın şəkildə ifadə etdi. O fikirlər təkcə Azərbaycanla İƏT və ICESCO arasında əməkdaşlığın genişləndirilməsini deyil, həm də ümumilikdə İslam həmrəyliyinin gücləndirilməsini ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, ölkəmizin xarici siyasətində müsəlman dövlətləri ilə münasibətlərin inkişafı, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və beynəlxalq platformalarda mövqelərin uzlaşdırılması mühüm yer tutur. Bu yanaşma İslam həmrəyliyini yalnız mənəvi yaxınlıq kimi deyil, həm də təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün əməkdaşlıq platformasına çevirir. Prezident İlham Əliyevin İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhmədlə görüşündə səsləndirdiyi fikirlər bu siyasətin ardıcıllığının göstəricisidir. Görüşdə müzakirə edilən məsələlər birgə layihələrin sayının artırılmasını, İƏT çərçivəsində verilmiş qərarlarının icrasının sürətləndirilməsini və 2027-ci ildə Bakıda keçiriləcək Zirvə görüşünə hazırlıqları əhatə edir. Bu məsələlər ümumilikdə İslam dünyasının inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
“Onu da qeyd edək ki, İslam həmrəyliyinin möhkəmləndirilməsi təkcə dövlətlərarası siyasi təmaslarla məhdudlaşmır. Təhsil, elm, mədəniyyət və humanitar yardım sahələrində həyata keçirilən təşəbbüslər xalqlar arasında qarşılıqlı etimadın gücləndirilməsində mühüm rol oynayır. Azərbaycanın strategiyası bu baxımdan da effektivdir. Heydər Əliyev Fondunun müxtəlif İslam ölkələrində mədəni irsin qorunması, dini abidələrin bərpası, humanitar proqramların həyata keçirilməsinə yönəlmiş təşəbbüsləri ümumilikdə Azərbaycanın İslam dünyasına verdiyi töhfə kimi dəyərləndirilə bilər.
ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bu mənada xüsusi əhəmiyyət daşıyır. ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin Prezident İlham Əliyevlə görüşündə Heydər Əliyev Fondunun və Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirməsi deməyə əsas yaradır ki, Azərbaycan bu istiqamətdə effektiv siyasət yürüdə bilir. Bu nümunə göstərir ki, İslam həmrəyliyi yalnız bəyanatlarla deyil, insanların, xüsusilə həssas qrupların həyatına müsbət təsir edən konkret fəaliyyətlərlə möhkəmlənir. Azərbaycanın 2027-ci ildə İƏT-ə sədrliyi və Bakıda 16-cı İslam Zirvə görüşünə ev sahibliyi etməsi bu istiqamətlər üzrə fəaliyyətlərin daha da genişlənməsinə şərait yaradacaq”, - deyə M.Ələsgərli vurğulayıb.