Elisso Bolkvadze: Sülhün qurulması həqiqi incəsənət, əsl musiqi və yüksək sənət deməkdir
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan və Gürcüstan kimi ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Forum mədəni mübadilənin inkişafı və mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün mühüm platformadır. Xüsusilə strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində, o cümlədən səhnə sənəti və teatr proqramları istiqamətində birgə layihələri həyata keçirməyə davam edəcəklər.
Bunu AZƏRTAC-a açıqlamasında Gürcüstanın Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri, UNESCO-nun Sülh naminə sənətçisi və beynəlxalq səviyyəli pianoçu Elisso Bolkvadze deyib.
O bildirib ki, musiqi, teatr, təsviri incəsənət və digər yaradıcılıq sahələrində əməkdaşlığın genişləndirilməsi vacibdir: “Düşünürəm ki, incəsənətin bütün sahələri bir-birinə daha da yaxınlaşa bilər və yaxınlaşmalıdır. Bu qeyri-adi forumun əsas ideyası və diqqət mərkəzində dayanan məqam da məhz budur. Burada müxtəlif millətlərin nümayəndələri ilə qarşılaşıram, fərqli dillər eşidirəm. Dünən və bu gün çoxsaylı dillər eşitdim. Lakin hamının başa düşdüyü bir dil var – sülh dili. Bu dil burada mövcuddur və hər yerdə hiss olunur. Mədəniyyət sülhə xidmət edir. Məhz buna görə də sülh haqqında düşünən və ona inanan insanların olması çox vacibdir. Sülhün qurulması həqiqi incəsənət, əsl musiqi və yüksək sənət deməkdir”.
Müxbir – Gülay Nəzərova