Azərbaycan reallıqları ideoloji diversiyaları dəf etməyə tam əsas verir - ŞƏRH
Bakı, 29 oktyabr, AZƏRTAC
Siyasi sabitlik, iqtisadi inkişaf, Azərbaycan ərazilərinin azad edilməsi və ölkənin suverenliyinin möhkəmləndirilməsi təbii ki, xaricdəki müəyyən dairələrdə narazılığın artmasına səbəb olub. Bu dairələrə rüşvətlə ələ alınan media orqanları, sözdə vətəndaş cəmiyyəti institutları, bəzi kiçik partiyaların liderləri və özlərini ekspert kimi qələmə verən blogerlər daxildir. Azərbaycana qarşı genişmiqyaslı ideoloji diversiya kampaniyası aparılır.
Bu barədə AZƏRTAC-a Qərbi Kaspi Universitetinin politoloqu və professoru Fikrət Sadıxov bildirib.
O əlavə edib: “Təbii ki, biz bununla mübarizə aparmalıyıq. Əlbəttə, bu ideoloji diversiya Azərbaycanda ciddi narahatlıq doğurur, amma biz sistemli, ardıcıl, konkret faktlara əsaslanaraq və əsaslı arqumentlərdən istifadə edərək hərəkət etməliyik. Çünki reallıqlarımız bizə bu cür ideoloji təxribatlara tammiqyaslı cavab vermək üçün hər cür əsas verir”.
Politoloq ölkəmizə qarşı qaralama kampaniyası aparanları müəyyən siyasi qüvvələrin nəzarətində olan kiçik cılız strukturlar adlandırıb və əlavə edib ki, Azərbaycanda baş verən mütərəqqi proseslərə, habelə mövcud real vəziyyətə əsaslanaraq, onlara layiqli cavab verilməlidir. “Bu səbəbdən biz əhəmiyyətli və güclü potensialımızı nəzərə almalı, ardıcıl və cəsarətli mübarizə aparmalıyıq”, - deyə politoloq fikrini yekunlaşdırıb.
Müxbir – Leyla Muradzadə