Gəncədə gələcəyin peşələri və əmək bazarının kadr tələbatı diqqət mərkəzindədir
Gəncə, 29 oktyabr, AZƏRTAC
Gəncə şəhərində “Regional əmək bazarı və gələcəyin bacarıqları: Peşə təhsili–sənaye tərəfdaşlığı” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi Gəncə-Qazax iqtisadi regionunda qarşıdakı 3–5 il ərzində prioritet iqtisadi sahələr üzrə formalaşacaq kadr və bacarıq tələbatını müəyyənləşdirmək, peşə təhsili proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu qiymətləndirmək və kadr hazırlığında işəgötürənlərin iştirakını genişləndirmək üçün əməkdaşlıq istiqamətlərini müəyyən etmək olub.
Tədbirin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Mərkəzinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri çıxış ediblər.
Sonra “Peşə təhsili və dövlət-özəl tərəfdaşlığı: əmək bazarının öyrənilməsi, kadr ehtiyaclarının qiymətləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması” mövzusunda təqdimat edilib.
Dəyirmi masa çərçivəsində regionun sənaye, nəqliyyat, aqrar sektor, ticarət, turizm, telekommunikasiya və digər sahələrində gözlənilən kadr tələbatı, yeni peşə və bacarıqlara ehtiyac, eləcə də mövcud ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, işəgötürənlərin kadr hazırlığı prosesində birbaşa iştirakı, dual peşə təhsilinin və iş yerlərində təcrübə imkanlarının genişləndirilməsi, həmçinin qısamüddətli təlimlər vasitəsilə bacarıqların inkişaf etdirilməsi yolları nəzərdən keçirilib.
Müxbir - Elcan Məmmədov