Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam
Bakı, 29 oktyabr, AZƏRTAC
Xaqani irsinin təbliği və dərindən öyrənilməsi istiqamətində atılan ən mühüm addımlardan biri Prezident İlham Əliyevin cari ildə dahi şairin 900 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalaması olub. Bu mühüm qərar Xaqani yaradıcılığının yenidən araşdırılması, zəngin ədəbi irsinin daha geniş ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu il şairin yaradıcılığına həsr olunmuş, ümumilikdə 1200 səhifədən çox həcmə malik ikicildlik nəşri toplayaraq çapa hazırlamışam. İnanıram ki, bu kitablar Xaqaninin söz qüdrətini, zəngin poetik dünyasını və yaratdığı əlvan bədii obrazları daha dərindən dərk etmək baxımından gələcəkdə də müraciət edəcəyimiz mühüm ədəbi-elmi mənbələrdən olacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn deyib.
“Doqquz əsrdir ki, Xaqani Şirvaninin poetik və elmi irsi onun əbədiyaşar sözünün qüdrətini dərk edən nəsillərlə birgə yaşayır və hər dövrdə yenidən kəşf olunur. Xaqani Şirvani poetik kəşfləri, etiraz ruhu ilə səciyyələnən poeziyası, fəlsəfi dünyagörüşü və dərinməzmunlu elmi əsərləri ilə əsrlər boyu poeziyasevərlərin, elm və irfan əhlinin diqqət mərkəzində olub. Xaqani özündən beş il əvvəl dünyasını dəyişmiş Sənai Qəznəvi haqqında yazırdı: “Mən dünyaya gəldim, o dünyadan köçdü, bir sözyayan doğuldu, başqa bir sözyayan cahandan ayrıldı”. Şair burada özünü şair deyil, “sözyayan” adlandırır. Lakin əsrlərdir ki, onun poetik kəlamları on minlərlə oxucu, tədqiqatçı və poeziya həvəskarı tərəfindən öyrənilir, yaşadılır və dünyaya yayılır”, - deyə o diqqətə çatdırır.
Müxbir – Gülay Nəzərova