Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə keçirilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Sərgidə tələbələrin Zəfər Gününün tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlığını və qələbə ruhunu əks etdirən rəsm əsərləri nümayiş olunub. Əsərlərdə Vətən müharibəsində qazanılmış tarixi Qələbə, Azərbaycan xalqının birliyi, əsgərlərimizin şücaəti və azad edilmiş torpaqlarımıza qayıdışın yaratdığı sevinc bədii ifadəsini tapıb.
Müsabiqənin nəticələrinə əsasən, fərqlənən altı tələbə diplomla təltif edilib. Onlardan Nuray Nəcəfli I, Nərmin Novruzova və İsfəndiyar İsayevr II, Şəms Abbasova, İnci Seyidova və İsmayıl Qasımlı III yerə layiq görülüblər. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələrin yaradıcılıq potensialını dəstəkləmək, onların bədii bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, eləcə də 8 Noyabr – Zəfər Gününün milli-mənəvi dəyərlərini gənc nəsil arasında təbliğ etmək olub.