Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
Bakı, 29 oktyabr, AZƏRTAC
Avropada adi illərdə belə təxminən 50 milyon insan evini lazımi səviyyədə qızdıra bilmir. Enerji qiymətlərinin yüksək olması səbəbindən bu il həmin insanların sayının daha da artacağı gözlənilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen deyib.
O, qarşıdan gələn qışın bir çox avropalı üçün çətin keçəcəyini vurğulayıb, vətəndaşların üzləşdiyi çətinlikləri azaltmaq üçün mümkün olan bütün tədbirlərin görülməsinin vacibliyini qeyd edərək üzv ölkələri fosil yanacaqlardan imtina prosesini sürətləndirməyə çağırıb.
D.Yorgensen bərpaolunan enerjinin payının artırılmasının, enerji səmərəliliyinin yüksəldilməsinin və elektrikləşmənin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, təbii qaz və neftlə işləyən sistemlərin əvəzinə elektrik istilik nasoslarının, daxiliyanma mühərrikli avtomobillərin əvəzinə isə elektrik nəqliyyat vasitələrinin təşviqi əhəmiyyətli nəticələr verə bilər.
Avrokomissar yüksək enerji qiymətlərinin şirkətlərə də ciddi təsir göstərdiyini bildirib. O, sənaye müəssisələrinin rəqabət qabiliyyətini qorumaqda çətinlik çəkdiyini və biznes subyektlərinə dəstəyin toplantının əsas gündəm məsələlərindən biri olduğunu vurğulayıb.
D.Yorgensen bəzi ölkələrdə, xüsusilə aztəminatlı əhalini qorumaq məqsədilə fosil yanacaqlara birbaşa subsidiyaların verilməsinin zəruri ola biləcəyini qeyd edib. Bununla belə, belə dəstəyin məqsədyönlü və müvəqqəti xarakter daşımalı olduğunu bildirib.
Mövcud vəziyyəti 2022-ci ildəki enerji böhranı ilə müqayisə edən avrokomissar Aİ-nin təbii qaz istehlakını azaltması və tədarük mənbələrini şaxələndirməsi sayəsində hazırda böhrana müdaxilə baxımından daha əlverişli vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, Aİ-də təbii qaz istehlakı 2022-ci illə müqayisədə 18 faiz azalıb. Əvvəllər təbii qazın 45 faizi Rusiyadan tədarük olunurdusa, hazırda qaz dünyanın müxtəlif bölgələrindəki təchizatçılardan alınır.
D.Yorgensen hazırkı böhranın neft və neft məhsullarını da əhatə etdiyinə diqqət çəkərək yay aylarında aviasiya yanacağının təchizat təhlükəsizliyini təhdid edən vəziyyətlərin yarandığını xatırladıb. O bildirib ki, hazırda enerji təchizatının təhlükəsizliyi ilə bağlı böhran gözlənilmir. Bununla belə, qiymət artımının vətəndaşlara və şirkətlərə təsiri ciddi şəkildə nəzərə alınmalıdır. Vurğulayıb ki, evini qızdırmaq və ya avtomobilinə yanacaq almaq üçün kifayət qədər vəsaiti olmayan insanlar üçün enerji resurslarının bazarda mövcudluğu problemi həll etmir.
Aİ-nin 2030-cu ildən sonrakı enerji siyasətinə də toxunan avrokomissar bildirib ki, gələcək strategiyada bərpaolunan enerji, nüvə enerjisi də daxil olmaqla təmiz texnologiyalar, enerji səmərəliliyi və elektrikləşmə mühüm yer tutmalıdır.
Qeyd edək ki, Avropada topdansatış təbii qaz qiymətləri ötən gün 2022-ci ilin dekabrından bəri ilk dəfə qısa müddətə meqavat-saat üçün 100 avroya çatıb. Hazırda Avropada qaz qiymətləri ABŞ-İran müharibəsi fonunda əvvəlki səviyyədən təxminən 3 dəfə yüksəkdir.
Aİ qış mövsümünə təbii qaz anbarlarının təxminən 75 faiz doluluq səviyyəsi ilə daxil olur. Ötən ilin eyni dövründə bu göstərici 83 faiz təşkil edib.