Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verə bilər - ŞƏRH
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artırılması və müasir texnologiyaların tətbiqi baxımından mühüm perspektivlər yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.
O bildirib ki, Niderlandın aqrar sahədə əldə etdiyi uğurlar yalnız məhsul istehsalı ilə məhdudlaşmır. Bu ölkənin təcrübəsi texnologiya, emal, logistika, saxlama və beynəlxalq bazarlara çıxış imkanlarının vahid sistem çərçivəsində əlaqələndirilməsinin əhəmiyyətini göstərir.
Ekspertin sözlərinə görə, Niderlandın bu sahədə formalaşdırdığı modelin Azərbaycanda tətbiq oluna biləcək elementlərindən istifadə qeyri-neft ixracının artırılmasına, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin gücləndirilməsinə imkan verə bilər.
S.Heydərov qeyd edib ki, Azərbaycan-Niderland iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün artıq konkret imkanlar da gündəmdədir. Belə ki, oktyabrın 26-da Niderlandın Azərbaycandakı səfiri Cəbrayıl rayonunda Niderlandın “Westland” modeli əsasında iri sənaye tipli istixanaların yaradılması imkanlarının araşdırıldığını bildirib. Onun fikrincə, bu təşəbbüs işğaldan azad edilmiş ərazilərdə müasir kənd təsərrüfatının və emal sənayesinin inkişafı baxımından əhəmiyyətli perspektivlər açır. Müasir istixana texnologiyalarının tətbiqi məhsul istehsalının səmərəliliyini artırmaqla yanaşı, ixracyönümlü aqrar istehsalın genişləndirilməsinə də şərait yarada bilər.
İqtisadçı vurğulayıb ki, oktyabrın 26-da Azərbaycan və Niderland arasında münasibətlərin inkişafı üzrə 2026–2028-ci illər üçün Yol Xəritəsinin qəbul edilməsi iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm institusional çərçivə formalaşdırır. Sənədin yaratdığı imkanlardan istifadə investisiyaların cəlb edilməsi və müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətlidir.
Ekspert, həmçinin Azərbaycanın tranzit və logistika imkanlarının gücləndirilməsinin ikitərəfli iqtisadi əlaqələrdə mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması, Orta Dəhliz üzrə daşımaların inkişafı və logistika infrastrukturunun təkmilləşdirilməsi ölkənin beynəlxalq ticarətdə mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
S.Heydərov hesab edir ki, Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynaya bilər. Müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, emal sənayesinin genişləndirilməsi, logistika imkanlarının inkişafı və ixracyönümlü istehsalın təşviqi bu əməkdaşlığın əsas istiqamətləri sırasında yer ala bilər.
“Xarici investisiyalara yalnız maliyyə mənbəyi kimi deyil, həm də yeni texnologiyaların, bilik və təcrübənin ölkəyə gətirilməsi, istehsal imkanlarının genişləndirilməsi və uzunmüddətli iqtisadi dəyərin yaradılması vasitəsi kimi yanaşmaq vacibdir. Bu baxımdan, Niderlandın təcrübəsindən səmərəli istifadə Azərbaycanın iqtisadi şaxələndirilməsi və regional iqtisadi mövqeyinin gücləndirilməsi üçün yeni imkanlar yarada bilər”, – deyə iqtisadçı ekspert əlavə edib.