Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır
Bakı, 29 oktyabr, AZƏRTAC
Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginlik dünya bazarında neft qiymətlərinin müxtəlif istiqamətlərdə dəyişməsinə səbəb olur. Lakin ümumi tendensiya qiymətlərin artmasıdır. Bu gün London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,59 dollar azalaraq 113,73 dollar olub. Nyu-York birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 1,62 dollar azalaraq 101,16 dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bazarda qiymətlərin cüzi azalması Yaxın Şərqdə baş verən proseslərlə əlaqədardır. Əvvəlcə qeyd etmək lazımdır ki, dünən ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib. Danışıqların təfərrüatları barədə məlumat verilməsə də, Hörmüz boğazındakı vəziyyətin müzakirə olunması qaçılmaz idi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Türkiyə də neft idxal edən ölkədir və dünya bazarında enerji daşıyıcılarının qiymətinin artması bu ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir. ABŞ isə Rusiyadan dizel yanacağı almaq barədə razılıq əldə etsə də, ölkə daxilində qiymətlərin aşağı düşməsinə nail ola bilməyib.
“The Wall Street Journal” qəzeti Amerika Avtomobil Assosiasiyasına istinadən yazır ki, Rusiyadan 300 min barel dizel yanacağı alınmasına baxmayaraq, qiymətlər əks istiqamətdə dəyişib. ABŞ-də bir qallon dizel yanacağının qiyməti 6,28 dollardan 6,35 dollara yüksəlib. Qəzet daha bir sensasion xəbər dərc edərək bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Ali Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayiyə məktub yazaraq danışıqları bərpa etmək istəyini ifadə edib.
Əlbəttə, vitse-prezident məktubu Prezident Donald Trampın razılığı ilə yazıb. Çikaqo Universitetinin professoru Robert Peyp bildirib ki, görünür, ABŞ dünya bazarında neftin bahalaşmasından ciddi əziyyət çəkir və bu səbəbdən danışıqlara başlayaraq Hörmüz boğazının açılmasına nail olmaq istəyir. Professor İranın bombalanmasını yanlış addım hesab edərək bildirib ki, bombardmanlar nəticəsində mülki əhaliyə böyük ziyan dəyir və bu da xalqın rejim ətrafında birləşməsinə gətirib çıxarır. Bunu nəzərə alan Vaşinqton Hörmüz boğazının açılmasını danışıqlar yolu ilə təmin etməyə çalışır.
Geosiyasi proseslərdə müşahidə olunan “danışıqlar istəyi” kimi müsbət məqamlar qiymət artımını zəiflədib. Lakin professor eskalasiyanın qaçılmaz olduğunu bildirib. Onun fikrincə, İran danışıqlara getməyəcək. Hərbi əməliyyatların bərpası isə qiymət artımının növbəti mərhələsinə keçəcəyini deməyə əsas verir.