Elnur Bağırov: Rəqəmsal platformaların bazar gücünün qiymətləndirilməsi xüsusi təhlil tələb edir
Xankəndi, 29 oktyabr, AZƏRTAC
Rəqabət siyasətində diqqət yetirdiyimiz istiqamətlərdən biri rəqəmsal platformaların və süni intellektə əsaslanan biznes modellərinin bazarlara təsiridir. Alqoritmik qiymətqoyma xərclərin azalmasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaratsa da, rəqiblərin qiymət davranışlarının avtomatik uyğunlaşdırılması və alqoritmik saziş risklərini də gündəmə gətirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Xankəndidə keçirilən MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasındakı çıxışında deyib.
E.Bağırov bildirib ki, rəqəmsal platformalarda məlumat üstünlükləri, şəbəkə effektləri və istifadəçilərin alternativ xidmətlərə keçid imkanları bazar gücünün qiymətləndirilməsi zamanı xüsusi təhlil tələb edir: “Bu baxımdan Şura çərçivəsində əməkdaşlığın növbəti mərhələsində rəqəmsal bazarlarla bağlı iqtisadi təhlil metodlarının təkmilləşdirilməsinə, infrastruktur və sosial əhəmiyyətli bazarlarda tənzimləmə təcrübəsinin müqayisəsinə və transsərhəd rəqabət riskləri barədə məlumat mübadiləsinin hüquqi və institusional imkanlar daxilində gücləndirilməsinə xüsusi diqqət yetirilməsi zəruridir. Burada əsas məqsəd hər ölkənin bazar xüsusiyyətlərini nəzərə alan və praktik nəticə verən yanaşmaların hazırlanmasıdır”.
Müxbir – Tahir Ağaməmmədov