Türkiyə şirkətləri “Akkuyu” Atom Elektrik Stansiyası layihəsində pay almaqda maraqlıdır
Moskva, 28 oktyabr, AZƏRTAC
Türkiyə şirkətləri Rusiyanın investisiyaları hesabına Türkiyədə inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyası (AES) layihəsində pay əldə etməyə maraq göstərib.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammiti çərçivəsində keçirilən sərgiyə baxış zamanı bildirib.
Onun sözlərinə görə, atom elektrik stansiyasının tikintisinə, ümumilikdə, 25 milyard dollar investisiya yatırılır və layihənin maliyyələşdirilməsini tamamilə Rusiya tərəfi təmin edir.
“Biz stansiyanı tikir, ona sahiblik edir və istismarını həyata keçiririk. Lakin hazırda Türkiyədə bu prosesin iştirakçısına çevrilmək istəyən və payın bir hissəsini satın almağa hazır olan şirkətlər də var. Biz bunu yalnız alqışlayırıq”, – deyə o bildirib.
“Akkuyu” AES Türkiyənin cənub sahilində iki ölkə arasında imzalanmış hökumətlərarası sazişə uyğun olaraq inşa edilir. Layihəni Rusiyanın “Rosatom” dövlət korporasiyasının strukturuna daxil olan “Akkuyu Nuclear” şirkəti həyata keçirir.
Stansiya hər biri 3+ nəsil VVER-1200 tipli reaktorla təchiz olunmuş dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1200 MVt, atom elektrik stansiyasının ümumi quraşdırılmış gücü isə 4800 MVt təşkil edəcək.