Dövlət Xidmətinin rəisi: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur
Bakı, 28 oktyabr, AZƏRTAC
Mədəni irsin qorunması və bərpası milli, mədəni və dini sərhədləri aşaraq xalqlar arasında qarşılıqlı hörmətin, anlaşmanın və beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən panel müzakirəsində səsləndirib. O, “Muzeylər və irs müəssisələri inklüzivlik, dialoq və sosial həmrəylik üçün iştirakçı məkanlar kimi” mövzusuna həsr olunmuş sessiyada çıxış edib.
Səbinə Hacıyeva bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə Azərbaycanda və xaricdə həyata keçirilən mədəni irsin qorunması və bərpası layihələri mədəni diplomatiyanın inkişafına mühüm töhfə verir.
Dövlət Xidmətinin rəisi Qarabağ və Şərqi Zəngəzurda kilsələrin, məscidlərin və digər irs abidələrinin bərpasının icmaların öz mədəni irsi ilə əlaqələrinin yenidən qurulmasındakı əhəmiyyətini vurğulayıb. O, Şuşada keçirilən tədbirlərin tarixi məkanları mədəni ifadə, dialoq və ictimai iştirak platformalarına çevirdiyini diqqətə çatdırıb.
Səbinə Hacıyeva Azərbaycanın UNESCO və ICESCO ilə əməkdaşlıq çərçivəsində maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi önəm verdiyini bildirib. O vurğulayıb ki, “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası mədəni irsin qorunması, rəqəmsal innovasiyaların təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətlərini əhatə edir.
“Muzeylər və irs məkanları yalnız haradan gəldiyimizi göstərməməli, həm də qarşılıqlı anlaşmanı təşviq etməli və daha inklüziv dünyanın qurulmasına ilham verməlidir”, — deyə Səbinə Hacıyeva bildirib.