ADPU-da Şövqi Ağayevin 100 illik yubileyi qeyd edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli psixoloq-alim, universitetin sabiq rektoru professor Şövqi Ağayevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Cəfər Cəfərov Şövqi Ağayevin Azərbaycan elm və təhsil sistemindəki xidmətlərindən, pedaqoji kadr hazırlığının inkişafına verdiyi töhfələrdən və universitetin rektoru olduğu dövrdə həyata keçirdiyi işlərdən danışıb. Rektor qeyd edib ki, Şövqi Ağayevin fəaliyyəti görkəmli alim və psixoloq kimi elmi nailiyyətləri ilə yanaşı, ali təhsil müəssisəsinin idarə olunması, tədris prosesinin təşkili və pedaqoji təhsilin inkişafı istiqamətində gördüyü işlərlə də əlamətdardır. Onun rəhbərliyi dövründə qazandığı təcrübə, peşəkar fəaliyyəti və elmə bağlılığı universitetin tarixində özünəməxsus yer tutur. Cəfər Cəfərov vurğulayıb ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin zəngin tarixi müxtəlif dövrlərdə onun inkişafına töhfə vermiş görkəmli alimlərin, pedaqoqların və rəhbərlərin fəaliyyəti ilə sıx bağlıdır. Şövqi Ağayev də bu tarixi irsin mühüm nümayəndələrindən biri kimi xatırlanır. Onun elmi-pedaqoji fəaliyyəti, psixologiya elminə verdiyi töhfələr və universitetin rəhbəri kimi fəaliyyəti Azərbaycan təhsil tarixinin əhəmiyyətli səhifələrindəndir. Rektor bildirib ki, universitetin keçmişinə və inkişaf mərhələlərinə nəzər salmaq, bu prosesdə xidmətləri olan şəxsiyyətləri ehtiramla yad etmək ADPU-nun ənənələrinə sadiqliyinin göstəricisidir. Belə yubiley tədbirləri görkəmli alimlərin xatirəsini yaşatmaqla yanaşı, onların elmi irsinin öyrənilməsi, təcrübələrinin gələcək nəsillərə çatdırılması və universitetin tarixi yaddaşının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Cəfər Cəfərov Şövqi Ağayev kimi elm və təhsil xadimlərinin həyat və fəaliyyətinin gənc tədqiqatçılar, müəllimlər və tələbələr üçün əhəmiyyətini vurğulayaraq onun elmi-pedaqoji irsinin universitetin elmi mühitində diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov Şövqi Ağayevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə alimin elmi-pedaqoji fəaliyyəti, Azərbaycan təhsilinin inkişafındakı rolu və universitetin rəhbəri kimi fəaliyyətinin əsas məqamları diqqətə çatdırılıb.
Ümumi psixologiya kafedrasının professoru Ramiz Əliyev isə Şövqi Ağayevin psixologiya elminin inkişafındakı xidmətlərindən bəhs edib, alimin elmi fəaliyyətinin əhəmiyyətini və bu sahənin inkişafına verdiyi töhfələri vurğulayıb.
Tədbirdə çıxış edən professor Məlikməmməd Cəbrayılov Şövqi Ağayevin rektor olduğu dövrə dair xatirələrini bölüşüb, onunla bağlı şəxsi müşahidələrini və universitetin həmin dövrdəki fəaliyyəti ilə əlaqədar fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Şövqi Ağayevin ailə üzvləri Fuad Ağayev və Azadə Məmmədova da çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər. Onlar alimin həyat və fəaliyyətinə göstərilən diqqəti yüksək qiymətləndirərək yubiley tədbirinin təşkilinə və Şövqi Ağayevin xatirəsinə ehtiramla yanaşılmasına görə ADPU rəhbərliyinə təşəkkürlərini bildiriblər.