“Neftçi” rəsmisi: U-15 dünya çempionatı Azərbaycan futbolu üçün böyük fürsətdir
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu turnir ölkə futbolunun inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. İlk növbədə, Azərbaycanın dünya miqyasında tanıdılması vacibdir. Belə bir yarış üçün qısa müddətdə müasir infrastrukturun yaradılması da ölkənin futbol sahəsindəki imkanlarını, futbol düşüncəsini və gələcəyə baxışını nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.
Türkiyəli mütəxəssis bildirib ki, turnir, xüsusilə gənclər üçün böyük fürsətdir: “Eyni zamanda, başqa ölkələrdən gələn yeniyetmələr də Azərbaycanı tanıyır, bizim futbolumuz haqqında məlumat əldə edirlər. Ola bilsin ki, onların bəziləri gələcəkdə ölkəmizdə çıxış etsin. Təcrübəli məşqçilər və klubların skautları bütün oyunları izləyirlər. Biz də bu prosesdə iştirak edirik. Buna görə belə turnirlərin futbol dünyası üçün əhəmiyyəti böyükdür. Qarşıda U-20 dünya çempionatı da var. Hesab edirəm ki, Azərbaycan futbolu üçün vacib işlər görülür”.
O, Azərbaycanın U-16 millisinin oyunlarını izlədiyini söyləyib: “Hazırda əsas diqqətim “Neftçi”yə və Azərbaycan futboluna yönəlib. Buna görə də Azərbaycan millisinin oyunlarını izləməyə çalışıram”.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı və festivalı 189 ölkədən futbolçuları bir araya gətirir. Turnir Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimləri ilə yekunlaşacaq.