VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir?
Bakı, 28 oktyabr AZƏRTAC
Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu fərqli xalqların dinc yanaşı yaşadığı, mədəniyyətlərin qarşılıqlı zənginləşdiyi bir coğrafiya kimi tanınıb. Bu tarixi ənənə müasir dövrdə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Azərbaycanda multikulturalizm və tolerantlıq prinsiplərinin qorunması, milli və dini müxtəlifliyə hörmətlə yanaşılması ölkəmizin beynəlxalq təşəbbüslərinin əsasını təşkil edir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı professor Çingiz Axundov deyib.
Onun sözlərinə görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasətin beynəlxalq miqyasda təqdim olunmasına imkan yaradan mühüm platformadır.
“Tədbirin əsas məqsədi qlobal parçalanma və qarşıdurmaların artdığı bir dövrdə xalqlar arasında etimadı gücləndirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və dialoqu konkret fəaliyyətə çevirməkdir. Forumun Azərbaycan üçün əhəmiyyəti, ilk növbədə, ölkəmizin beynəlxalq siyasi və humanitar nüfuzunun möhkəmləndirilməsi ilə bağlıdır. Belə mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın yalnız regional deyil, həm də qlobal məsələlərin müzakirə olunduğu mühüm platformalardan biri kimi mövqeyini gücləndirir. Müxtəlif dövlətlərin nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ölkəmizin diplomatik əlaqələrinin inkişafına, yeni tərəfdaşlıqların qurulmasına və Azərbaycanın beynəlxalq təşəbbüslərinin tanıdılmasına şərait yaradır. Forum fərqli mədəniyyətlərə mənsub insanların bir-birini daha yaxşı anlamasına, stereotiplərin aradan qaldırılmasına və qarşılıqlı hörmət mühitinin formalaşmasına töhfə verir. Forumun gündəliyində sülhün qurulması, təhlükəsizlik, dinlərarası münasibətlər, gənclərin liderliyi, süni intellekt və rəqəmsal texnologiyalar, media, miqrasiya, qadınların ictimai fəaliyyəti və mədəni irsin qorunması kimi aktual məsələlər yer alır. Bu mövzuların vahid platformada müzakirəsi dialoqun yalnız mədəniyyət sahəsi ilə məhdudlaşmadığını, həmçinin sosial, siyasi, iqtisadi və texnoloji inkişafla sıx bağlı olduğunu göstərir”, - deyə Çingiz Axundov vurğulayıb.
Professor qeyd edib ki, forum ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi baxımından da əhəmiyyətlidir: “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı aparılan görüşlər dövlətlər, beynəlxalq təşkilatlar, elmi müəssisələr və vətəndaş cəmiyyəti institutları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verir. Bu əlaqələr təhsil, elm, mədəniyyət, turizm və yaradıcı sənayelər sahəsində birgə layihələrin həyata keçirilməsinə təkan verə bilər. Tədbirin əhəmiyyətli cəhətlərindən biri də Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərini beynəlxalq ictimaiyyətə çatdırmasıdır. Forum Azərbaycan üçün həm siyasi, həm mədəni, həm də humanitar baxımdan böyük əhəmiyyət daşıyır. Forum ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, multikulturalizm ənənələrinin təbliğinə, müxtəlif dövlətlər və xalqlar arasında əməkdaşlığın genişlənməsinə xidmət edir. Eyni zamanda, tədbir Azərbaycanın Şərqlə Qərb arasında mədəni körpü rolunu ön plana çıxarır və ölkəmizin qlobal problemlərin həllində dialoqa əsaslanan yanaşmasını nümayiş etdirir”.