İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovina 1994-cü ildən İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi dövlət statusuna malikdir. Ölkəmiz nisbətən gənc dövlətdir. Cinayətkarlığın bütün formalarına qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarımız da nisbətən yenidir. Bu baxımdan Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi, bilikləri və praktik fəaliyyəti bizim üçün çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovinanın təhlükəsizlik nazirinin müavini İvitsa Boşnyak Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Cinayət əməllərinin və cinayətkarlığın formalarının sərhədi yoxdur. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə də Azərbaycan Prokurorluğu ilə məlumat mübadiləsi və digər əməkdaşlıq formaları sahəsində çox yaxşı əlaqələrimizin olduğunu vurğulamaq vacibdir. Biz bu əməkdaşlığı, həqiqətən, yüksək qiymətləndiririk. Biz Azərbaycan da daxil olmaqla, tərəfdaş dövlətlərlə əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik".