Azərbaycanın beynəlxalq nüfuzu və yeni dünya düzənində artan rolu - ŞƏRH
Bakı, 28 oktaybr, AZƏRTAC
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın siyasi, iqtisadi və diplomatik inkişaf strategiyasının əsas istiqamətlərini, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və müasir geosiyasi reallıqlara yanaşmasını əks etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib ki, çıxışın əsas istiqamətlərini milli birlik, dövlət suverenliyi, beynəlxalq hüquq, iqtisadi dayanıqlılıq və mədəniyyətlərarası əməkdaşlıq prinsipləri təşkil edir. Onun sözlərinə görə, 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nüfuzlu beynəlxalq platformaya çevrilməsi Azərbaycanın bu sahədə həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. Müxtəlif ölkələri təmsil edən minlərlə iştirakçının Bakıda bir araya gəlməsi Azərbaycanın qlobal dialoq və əməkdaşlıq məkanındakı mövqeyini gücləndirir. Müasir dünyada müharibələrin, siyasi qarşıdurmaların, dini və etnik ziddiyyətlərin artdığı şəraitdə mədəniyyətlərarası dialoq yalnız humanitar təşəbbüs deyil, həm də sabitliyin və qarşılıqlı etimadın təmin olunması üçün mühüm vasitədir.
Azərbaycanın tarixən Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi ölkəyə müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynamaq imkanı verib. Multikulturalizm, dini və etnik dözümlülük ənənələri cəmiyyətimizin mühüm xüsusiyyətlərindəndir. Müxtəlif etnik və dini qrupların vahid dövlətçilik ideyası ətrafında birləşməsi milli sabitliyin əsas dayaqlarından biridir.
O bildirib ki, bu baxımdan azərbaycançılıq ideologiyası xüsusi əhəmiyyət daşıyır. Bu ideologiya vətəndaşları ortaq Vətən, milli maraqlar və dövlət müstəqilliyinin qorunması ətrafında birləşdirir. 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirilən həmrəylik milli birliyin gücünü təsdiqləyib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə ölkənin müasir tarixində yeni mərhələ açıb.
Tahir Mirkişili bildirib ki, hərbi qələbədən sonra Azərbaycanın sülh təşəbbüsü regional siyasətin mühüm istiqamətinə çevrilib. Beynəlxalq hüququn bütün dövlətlərə bərabər tətbiqi, ikili standartların aradan qaldırılması və qarşılıqlı etimadın gücləndirilməsi davamlı sülh üçün vacibdir. Deputat Azərbaycanın Çin və ABŞ ilə strateji əməkdaşlığının, eləcə də Avropa, İslam dünyası və Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin beynəlxalq mövqeyini gücləndirdiyini vurğulayıb: “Azərbaycanın çoxşaxəli xarici siyasəti, müxtəlif güc mərkəzləri ilə əməkdaşlığı və əlverişli geosiyasi mövqeyi ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Enerji resursları və nəqliyyat infrastrukturu iqtisadi inkişaf üçün geniş imkanlar yaradır. Bununla yanaşı, uzunmüddətli inkişaf üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və insan kapitalına investisiyaların artırılması vacibdir. Milli birlik, suverenlik, iqtisadi dayanıqlılıq və mədəniyyətlərarası dialoq Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətləridir. Əldə olunan nailiyyətlərin davamlı inkişafa, sosial rifaha və regional sülhə çevrilməsi qarşıda duran əsas vəzifələrdəndir”.