KAICIID-ın nümayəndəsi: Dini liderlərin qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyi şərait yaradılmalıdır
Bakı, 28 oktyabr, AZƏRTAC
Dini ənənələr mərhəmətə, həmrəyliyə və barışığa təşviq edə bilər. Bununla belə, dindən yanlış şəkildə istifadə oluna, yaxud o, cəmiyyətlər arasında parçalanmanı dərinləşdirmək üçün bir vasitəyə çevrilə bilər. Qarşımızda duran vəzifə dini liderlərin və icmaların münaqişələrin qarşısının alınmasına, təcrid və ayrı-seçkiliyə qarşı mübarizəyə, eləcə də fərqliliklərə baxmayaraq, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyi şərait yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kral Abdulla bin Əbdüləziz adına Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi vəzifəsini icra edən Antonio de Almeida-Ribeiro oktyabrın 28- də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.
O qeyd edib ki, dialoq qarşılıqlı anlaşma ifadələrindən kənara çıxaraq praktiki əməkdaşlıq imkanları yaratdıqda dinc birgəyaşayışa töhfə verə bilər: "Bunun üçün dini liderləri, siyasətçiləri, vətəndaş cəmiyyəti nümayəndələrini və icmaları bir araya gətirmək, onların əməkdaşlığının cəmiyyətlərin üzləşdiyi problemlərin həllinə yönəlməsini təmin etmək lazımdır. İnstitusional mexanizmlər dialoqun sülhə və insan ləyaqətinin qorunmasına töhfə verməsinə imkan yarada bilər. Dini liderlər və icmalar gərginliyin qarşısının alınmasında, qərəzli münasibətlərlə mübarizədə və etimadın bərpasında mühüm tərəfdaşlar ola bilərlər. Münaqişələrin dinc birgəyaşayışı təhdid etdiyi hallarda onların töhfəsi, xüsusilə böyük əhəmiyyət daşıyır. Bununla belə, dialoq davamlı olduqda və icmaların üzləşdiyi problemlərin həllinə yönəlmiş daha geniş səylərlə əlaqələndirildikdə onun uzunmüddətli töhfə vermək ehtimalı daha yüksək olur".