Məktəb və ailə əməkdaşlığına dair maarifləndirici tədbir təşkil edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəb-valideyn tərəfdaşlığı” inkişaf platforması layihəsi çərçivəsində Sabunçu rayonu E.Misirxanov adına 71 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a Təhsil Cəmiyyətindən məlumat verilib. Tədbirdə İctimai Birliyin sədri Murad Ağalarov, məktəbin direktoru Sahil Abbasov, məktəbin rəhbər heyəti, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə Murad Ağalarov layihənin məqsədləri, əsas fəaliyyət istiqamətləri və gözlənilən nəticələri barədə məlumat verib. O, məktəb və ailə arasında səmərəli əməkdaşlığın qurulmasının uşaqların təlim-tərbiyəsi, sosial inkişafı və şəxsiyyət kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, müəllim-valideyn münasibətlərinin qarşılıqlı etimad, açıq ünsiyyət və ortaq məsuliyyət prinsipləri əsasında qurulması təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər.
Tədbir çərçivəsində təlimçilər tərəfindən məktəb-valideyn münasibətlərinin müxtəlif aspektlərini əhatə edən mövzularda təqdimatlar keçirilib.
Təlimçi Aysel Nağıyeva “Effektiv ünsiyyət zənciri: müəllim-valideyn tərəfdaşlığı” mövzusunda çıxış edərək müəllim və valideynlər arasında sağlam ünsiyyətin qurulması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və mümkün problemlərin konstruktiv dialoq yolu ilə həlli məsələlərinə toxunub.
Digər təlimçi Aynur İskəndərova “Ortaq qərar, ortaq məsuliyyət: tərəfdaşlıqda müəllim-valideyn rolları” adlı təqdimatında uşaqların təhsil və tərbiyəsində müəllimlərin və valideynlərin məsuliyyət bölgüsünü, birgə qərarvermənin əhəmiyyətini və əməkdaşlığın praktik mexanizmlərini diqqətə çatdırıb.
Təlimçi Ceyhun Qəşəm isə “Uşaqlarımızın dünyasını kim formalaşdırır? Ailə-məktəb-sosial media” mövzusunda çıxış edərək uşaqların dünyagörüşünün formalaşmasında ailənin, məktəbin və sosial medianın rolunu, rəqəmsal mühitin uşaqlara təsirini və bu istiqamətdə valideyn-məktəb əməkdaşlığının vacibliyini vurğulayıb.
Tədbir zamanı məktəb və ailə arasında tərəfdaşlığın gücləndirilməsi, uşaqların inkişafı ilə bağlı məsələlərdə birgə yanaşmanın tətbiqi və valideynlərin təhsil prosesində iştirakının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
“Məktəb-valideyn tərəfdaşlığı” layihəsi məktəb və ailə arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, valideynlərin maarifləndirilməsinə, müəllim-valideyn ünsiyyətinin təkmilləşdirilməsinə və uşaqların sağlam, təhlükəsiz və dəstəkləyici mühitdə inkişafına töhfə verməyi hədəfləyir.