Neftin bahalaşması həmişə tələbin artması demək deyil
Bakı, 28 oktyabr, AZƏRTAC
Dünya bazarında neftin qiymətinin artması qlobal iqtisadiyyata, beynəlxalq ticarətə, enerji təhlükəsizliyinə və neft ixrac edən ölkələrin gəlirlərinə birbaşa təsir göstərən mühüm iqtisadi hadisədir.
AZƏRTAC xəbər verir ki, neftin qiymətinin artmasının əsas səbəblərindən biri Yaxın Şərqdəki münaqişələrin enerji infrastrukturuna və neftin daşınmasına yaratdığı təhlükələrdir. Bu gün səhər saatlarında Səudiyyə Ərəbistanındakı iri neft emalı zavodunun raket hücumuna məruz qalması barədə yayılan xəbərlər bazarda yeni narahatlıq yaradıb.
London birjasında “Brent” markalı neftin fyuçers qiyməti 1,4 faiz artaraq bir barel üçün 115,47 dollara, “Light” markalı neftinin fyuçers qiyməti isə 101,33 dollara yüksəlib. Hücuma görə məsuliyyəti husilər üzərlərinə götürüblər.
ABŞ Energetika İnformasiya Administrasiyasının qiymətləndirməsinə görə, Yaxın Şərqdə hasilat və ixrac marşrutları ilə bağlı məhdudiyyətlər, tanker daşımalarının bahalaşması və təhlükəsizlik riskləri neftin qiymətini yüksəldən əsas amillərdəndir. Qurumun proqnozuna əsasən, münaqişə ilə bağlı qeyri-müəyyənlik aradan qalxmayana və ehtiyatlar bərpa olunmayana qədər qiymətlər yüksək səviyyədə qala bilər.
Neftin qiymətinin artmasına səbəb olan amillərdən biri də dünya üzrə ehtiyatların azalmasıdır. Ehtiyatlar bazarda gözlənilməz tədarük problemlərini kompensasiya edən mühüm vasitədir. Lakin ehtiyatların azalması bazarı yeni tədarük fasilələrinə qarşı daha həssas edir.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, dünya üzrə müşahidə olunan neft ehtiyatları oktyabrda əvvəlki ayla müqayisədə 10 milyon barel azalıb. Ehtiyatların azalması və neft məhsullarının, xüsusilə dizelin tədarükündə yaranan problemlər bazardakı həssaslığı artırır.
Agentliyin proqnozuna əsasən, cari ilin dördüncü rübündə qlobal neft tələbi də zəifləyəcək. Buna baxmayaraq, təklifdəki itkilər tələbdəki azalmanı üstələdiyindən bazarda kəsir davam edə bilər.
Bu vəziyyət mühüm bir nəticəyə gəlməyə əsas verir: neftin qiymətinin artması həmişə tələbin artması demək deyil. Bəzi hallarda istehlak zəifləsə də, qiymətlər yüksəlir. Bunun səbəbi bazara çıxarılan neftin həcminin tələbdəki azalmadan daha sürətlə aşağı düşməsidir.