Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu gün dünyada geosiyasi, sosial-iqtisadi və texnoloji parçalanmaların yaratdığı mürəkkəb çağırışlar fonunda ikitərəfli və çoxtərəfli anlaşmanın, etimadın və əməkdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qadınlar və qızlar bu prosesin vacib aktorlarıdır. Onlar bilikləri, liderlik keyfiyyətləri və təşəbbüsləri ilə cəmiyyətlər arasında körpülər qurur, ortaq gələcəyin formalaşmasına töhfə verirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusundakı dialoqda deyib.
O bildirib ki, qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir.
“2021-ci ildə başlanan “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində müxtəlif proqramlar üzrə beş il ərzində 730, “Hənifə Məlikova-Zərdabi” təqaüd proqramı çərçivəsində isə 310 tələbə qıza dəstək göstərilir. Həmçinin 30-dan artıq universiteti təmsil edən məzun şəbəkəsi yaradılıb. Qarşıda duran əsas vəzifələr qızların təhsilə çıxışının və təhsilin keyfiyyətinin artırılması, onların elm, texnologiya və rəqəmsal sahələrə marağının gücləndirilməsidir. Bunun üçün ailələrin, təhsil müəssisələrinin, dövlət qurumlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti vacibdir”, - deyə o diqqətə çatdırıb.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə qadınların və qızların təhsili, məşğulluğu, sahibkarlıq təşəbbüsləri və rəqəmsal bacarıqlarının inkişafı da mühüm əhəmiyyət daşıyır: “Regiona qayıdan ailələrdə qadınların iqtisadi və ictimai fəallığının artırılması yeni imkanların formalaşdırılmasına və ərazilərin müasir inkişaf tempinə uyğunlaşdırılmasına töhfə verə bilər. Dövlətlərin, beynəlxalq təşkilatların, özəl sektorun və vətəndaş cəmiyyətinin qızların təhsilinə investisiyaların, qadınların iqtisadi imkanlarının, sahibkarlıq və mentorluq proqramlarının, eləcə də rəqəmsal inklüzivliyin genişləndirilməsi istiqamətində səylərini əlaqələndirməsi zəruridir”.