Fethi Mansouri: Sosial həmrəylik və ədalət insan tərəqqisinin əsasını təşkil edir
Bakı, 28 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ADA Universitetində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada sosial həmrəyliyin, ədalətin və təhsilin cəmiyyətin inkişafındakı rolu müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, UNITWIN şəbəkəsinin təmsilçisi professor Fethi Mansouri çıxışında müasir cəmiyyətlərin qarşılaşdığı problemlərə diqqət çəkib. O bildirib ki, cəmiyyətlər daxilində və cəmiyyətlər arasında baş verən münaqişələr, süni intellektin inkişafı və rəqəmsal transformasiya təhsil sisteminin qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan, təhsil müəssisələri yalnız biliklərin ötürüldüyü məkan deyil, həm də cəmiyyətdəki münasibətlərin, sosial davranışların və qarşılıqlı anlaşmanın formalaşdığı mühitdir.
Professor qeyd edib ki, cəmiyyətdə baş verən proseslər məktəblərə və təhsil mühitinə təsir göstərdiyi kimi, təhsil müəssisələrində formalaşan dəyərlər də insanların gələcəkdə bir-biri ilə münasibətlərinə təsir edir. Buna görə də təhsil prosesində münaqişələrin, fikir ayrılıqlarının, ədalət və bərabərlik məsələlərinin dinc yollarla həllinə xüsusi diqqət yetirilməlidir.
Fethi Mansouri çıxışında görkəmli ərəb tarixçisi və sosioloqu İbn Xəldunun sosial həmrəylik və ədalət haqqında fikirlərinə də istinad edib. O vurğulayıb ki, sosial həmrəylik insanların rifahının və cəmiyyətin tərəqqisinin mühüm əsaslarından biridir. İbn Xəldunun ədaləti insan tərəqqisinin təməli kimi dəyərləndirən yanaşması müasir dövrdə də aktuallığını qoruyur. Professorun sözlərinə görə, sosial birlik, qarşılıqlı etimad və fərqliliklərə hörmət cəmiyyətdə sülhün qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu prinsiplərin möhkəmləndirilməsi üçün təhsil sistemində müvafiq pedaqoji yanaşmaların tətbiqi, müəllimlərin hazırlanması və gənc nəslə verilən təhsilin məzmunu xüsusi əhəmiyyət kəsb edir.
O, həmçinin artan ekstremizm, populizm, irqçilik və ayrı-seçkilik meyilləri ilə mübarizədə təhsilin imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, bu istiqamətdə davamlı nəticələr əldə etmək üçün təhsil siyasəti ilə cəmiyyətdə sosial həmrəyliyi və qarşılıqlı anlaşmanı təşviq edən yanaşmalar arasında əlaqə yaradılmalıdır.