Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində siyasi elmlər professoru Ramiz Yunusun “Subyekt olmaq” mövzusunda tələbələr və professor-müəllim heyəti qarşısında geniş mühazirəsi keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Professor Ramiz Yunus çıxışında fərdin və cəmiyyətin siyasi proseslərdəki roluna, subyekt olmağın mahiyyətinə, müasir dünyada baş verən siyasi dəyişikliklərə və bu dəyişikliklər fonunda insanın mövqeyinin müəyyənləşməsinə dair fikirlərini bölüşüb.
Professor mühazirə zamanı siyasi proseslərin mahiyyətinin dərk edilməsinin, müstəqil düşüncənin və hadisələrə düzgün qiymət vermək bacarığının əhəmiyyətini vurğulayıb. O, tələbələrin siyasi biliklərinin artırılmasının, onların analitik təfəkkürünün inkişaf etdirilməsinin və ictimai-siyasi proseslərə fəal münasibətinin formalaşdırılmasının vacibliyinə diqqət çəkib.
Professor bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə ABŞ-İran qarşıdurması, Avropanın təhlükəsizlik sistemində baş verən dəyişikliklər və beynəlxalq nəqliyyat marşrutlarının yenidən formalaşması Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artırır. Bu proseslər fonunda Azərbaycan regional hadisələrin təsirinə məruz qalan ölkə olmaqla kifayətlənməməli, onların formalaşmasında fəal rol oynamalıdır: “Dövlətlərin tarixində çox vacib bir xətt var: bəziləri tarixə məruz qalırlar, bəziləri isə tarixi yaradırlar. Mənim bugünkü mühazirəmin əsas fikri məhz budur: Azərbaycan Cənubi Qafqazda başqalarının geosiyasi oyunun obyekti deyil, öz milli maraqlarını müəyyən edən və onları müdafiə edən subyekt olmalıdır”.
Ramiz Yunus Azərbaycanın coğrafi mövqeyinin yaratdığı imkanlara da diqqət çəkib. Onun sözlərinə görə, Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın nəqliyyat, enerji və kommunikasiya imkanlarının əhəmiyyəti getdikcə artır. Rusiya-Ukrayna müharibəsi nəticəsində bəzi ənənəvi nəqliyyat marşrutlarının əhəmiyyətinin dəyişməsi Orta Dəhlizin strateji rolunu gücləndirib. Bu isə Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də geosiyasi üstünlük yaradır.
Ramiz Yunus Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan nəqliyyat və enerji əlaqələrinin regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafının da Azərbaycanın regional və beynəlxalq imkanlarını genişləndirdiyini qeyd edib.
Ramiz Yunus Azərbaycanla Ermənistan arasında sülhün yalnız iki ölkənin münasibətlərinə aid olmadığını, bütövlükdə regionun gələcəyinə təsir göstərdiyini bildirib. O hesab edir ki, sülh yeni regional iqtisadi əməkdaşlıq imkanları yarada və Cənubi Qafqazda yeni düzənin formalaşmasına təkan verə bilər.
Çıxışında milli şüur və informasiya təhlükəsizliyi məsələlərinə də toxunan Ramiz Yunus bildirib ki, müasir dövrdə dövlətlərin üzləşdiyi təhdidlər yalnız hərbi sahə ilə məhdudlaşmır. İnformasiya və ideoloji müharibələr, kiberməkandakı təhlükələr, cəmiyyətdə parçalanma yaratmaq cəhdləri və gənclərin düşüncəsinə təsir göstərilməsi də milli təhlükəsizliyin mühüm istiqamətləridir.
O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində milli birliyini nümayiş etdirib və bu birlik ölkənin ən böyük strateji resurslarından biridir. Müasir təhlükələr qarşısında həmin birliyin qorunması xüsusi əhəmiyyət daşıyır.
İnteraktiv müzakirə şəraitində davam edən mühazirə iştirakçıların böyük marağına səbəb olub. Tələbələr və professor-müəllim heyətinin üzvləri mövzu ətrafında suallar ünvanlayıb, professorla fikir mübadiləsi aparıblar.