BMT rəsmisi: Sülh insanın Yer üzündə yaşamasının məqsədini anlamağa kömək edir
Bakı, 27 oktyabr, AZƏRTAC
Bu gün insanlar o qədər də çox kitab oxumurlar. Gənc nəsil daha çox ekranlara üstünlük verir. Əlbəttə, kitablar da ekranlara keçəcək. Ancaq kitabın öz dəyərini qiymətləndirmək lazımdır. Kitabın özünəməxsus gözəlliyi var. Onu oxumağa vaxt ayırmaq, açmaq, bitirdikdən sonra bağlamaq və özündə saxlamaq... Əgər kitabı sevirsinizsə, onu daha böyük sevgi, bağlılıq və mənsubiyyət hissi ilə qoruyub saxlayırsınız.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, təşkilatın İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos oktyabrın 27-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə” adlı tədbirdə çıxış edərkən deyib.
Sülh quruculuğu prosesinin da öz sənəti olduğunu vurğulayan Baş katibin müavini vurğulayıb ki, "Khalili" Fondu tərəfindən nəşr edilən “Sülh quruculuğu sənəti: parçalanmış dünya üçün universal dil” adlı kitabın da hər kəslə bölüşməyə çalışdığı bir fikir var: "Qeyd edim ki, "Khalili" Fondu uzun illərdir ki, BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə çalışır və eyni öhdəliyi, sədaqəti nümayiş etdirən işlər görməyə çalışır. Sülh isə insana bir məna verir. Nəticə etibarilə sülh insanın Yer üzündə nə üçün olduğunu, burada yaşamağımızın məqsədini anlamağa kömək edir".