Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi ilə Keniyanın Mombasa vilayətindəki “Fort Jesus” Dünya İrsi Kompleksində yenilənmiş Suahili Mədəniyyət Kitabxanasının açılışı və “İRS-Urithi” jurnalının suahili dilində ilk sayının təqdimatı olub.
Keniyanın Mombasa vilayətinin qubernatoru Abdulsamad Şərif Nasir Azərbaycan nümayəndə heyətini rəsmi ofisində qəbul edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Keniya arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, mədəni irsin qorunması və beynəlxalq elmi-mədəni əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
BDU-nun Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı çıxışında ölkələr arasında təhsil sahəsindəki tərəfdaşlığın önəmini vurğulayıb. O diqqətə çatdırıb ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində cari ildə Mombasadan olan iki tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsilə başlaması ikitərəfli təhsil əlaqələrinin inkişafına mühüm töhfədir.
Mombasa qubernatoru Abdulsamad Şərif Nasir “Fort Jesus” Dünya İrsi Kompleksindəki Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Qubernator “İRS” jurnalının suahili dilində işıq üzü görən ilk sayının nəşrini yüksək qiymətləndirdiyini qeyd edib.
Səfər çərçivəsində keçirilən görüşlər BDU-nun elmi-mədəni fəaliyyətinin beynəlxalq miqyasda tanıdılması, mədəni irsin təbliği və qlobal təhsil layihələrində universitetin rolunun artırılması baxımından böyük əhəmiyyət kəsb edir.