Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir
Bakı, 27 oktyabr, AZƏRTAC
İnsan kapitalına investisiya qoyuluşu ölkənin iqtisadi inkişafına və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımov Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində deyib.
O bildirib ki, “PAŞA Holdinq” 6 ölkədə fəaliyyət göstərsə də, Azərbaycan şirkətin vətəni və yarandığı ölkədir: “Buna görə də ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, insan kapitalına investisiyaları təşviq etmək şirkət üçün xüsusi əhəmiyyət daşıyır. İqtisadi artım üçün infrastruktur, texnologiya və kapital vacib olsa da, həlledici rolu insanlar oynayırlar. Mövcud resurslardan səmərəli istifadə edilməsi və ölkənin inkişafına töhfə verilməsi insan potensialının gücləndirilməsindən asılıdır. İnsanlar istənilən ölkənin əsas sərvətidir. İqtisadiyyatın böyüməsinə və ölkənin çiçəklənməsinə kömək etməyin ən səmərəli yollarından biri insan potensialına investisiya qoymaqdır”.
O vurğulayıb ki, İspaniyanın IE Universiteti ilə Azərbaycanda əməkdaşlıq imkanlarının müzakirəsi təxminən bir il əvvəl başlayıb. Təşəbbüsün həyata keçirilməsində universitetin və “PAŞA Holdinq”in komandaları ilə yanaşı, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi mühüm rol oynayıb.
C.Qasımov qeyd edib ki, mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın iqtisadiyyatının ehtiyaclarını daha dərindən öyrənmək və müxtəlif maraqlı tərəflərin tələblərinə uyğun təhsil proqramları hazırlamaqdır: “Mərkəzin fəaliyyəti yalnız ayrı-ayrı şirkətlərin deyil, bütövlükdə ölkə iqtisadiyyatının ehtiyaclarına xidmət etməlidir. Sürətlə dəyişən geosiyasi, iqtisadi və texnoloji şəraitdə qısamüddətli təhsil proqramları yeni bilik və bacarıqların əldə olunması üçün mühüm imkan yaradır. Belə proqramlar ənənəvi ali təhsili tamamlayaraq mütəxəssislərin dəyişən tələblərə uyğunlaşmasına kömək edir. Davamlı öyrənmə təkcə orta səviyyəli menecerlər üçün deyil, şirkətlərin rəhbərləri üçün də vacibdir. Təcrübəli rəhbərlərin yeni biliklər əldə etməsi, həmkarları ilə fikir mübadiləsi aparması və müasir çağırışlara fərqli yanaşmaları öyrənməsi idarəetmənin təkmilləşdirilməsinə şərait yaradır”.
Foto - Xanlar Əlizadə